Bişr ibn Süleyman Nəxxas (qul taciri) Əbu Əyyub Ənsarinin nəslindən, habelə 10-cu imam Əbül-Həsən Əli ən-Nəqi (ə) və 11-ci imam Əbu Muhəmməd Həsən Əskərinin (ə) dostlarından idi. O həm də İraqın Samərra şəhərində onlarla qonşu idi. Bişr belə rəvayət edir:
…Bir gecə “Surrə mən rǝa”-da (Samərrada) öz evimdə idim. Gecədən bir qədər keçmişdi. Birdən bir nəfər qapını döydü, mən tez (qapıya) qaçdım. Mövlamız Əbül-Həsən Əli ibn Muhəmmədin (imam Nəqinin) (ə) elçisi xidmətçi Kafurla qarşılaşdım, məni onun yanına çağırırdı. Paltarımı geyindim. Onun yanına daxil oldum. Onu oğlu imam Əbu Muhəmməd (ə) və pərdə arxasında olan bacısı xanım Həkimə (ə) ilə danışdığını gördüm. (Onun qarşısında) oturduğum zaman buyurdu: “Ey Bişr, şübhəsiz ki, sən ənsar övladlarındansan. Bu vilayət həmişə sizin aranızda olmuşdur, onu bir xələf (əvvəlki) bir sələfdən (ata-babalarından) irs aparmışdır. Belə ki, siz biz Əhli-beytin (ə) etimad etdiyi kəslərsiniz. Səni elə bir fəzilətlə seçirəm (ucaldıram) və şərəfləndirirəm ki, bunun sayəsində digər şiələri bizimlə dostluqda (və ya vilayətimizə tabe olmaqda) keçəsən. Səni bir sirlə tanış edirəm və bir kənizi almağa yollayıram”.
O, Rum xətti və dili ilə, bağlı (yaxud yapışdırılmış) bir məktub yazdı, üzərinə möhür vurdu və bir sarı kisə çıxartdı ki, içində iki yüz iyirmi dinar vardı. Dedi: “Al bunları və bu pullarla Bağdada get. Filan günün başlanğıcında Fəratın keçid yerində ol. Sənin tərəfə əsirlərin qayıqları və içərisindən görünən kənizlər gəlib çatdıqda, beləcə, Bəni-Abbas (l.ə.) məmurlarının vəkilləri, İraq cavanlarından olan alıcı dəstəsi onları dövrəyə aldıqda, bunu görən kimi xüsusiyyətləri bu cür-bu cür olan: iki qalın ipək (paltar) geyinmiş; üzünü açmaqdan, qarşı gələnin toxunmasından, ona toxunmağa təşəbbüs edənə boyun əyməkdən imtina edən və nazik örtük arxasından göstərilməsinə ümidlə nəzərini məşğul edən kənizi müştərilərə göstərənədək uzaqdan Ömər (və ya Əmr) ibn Yezid adlı qul satıcısını müşahidə et. Qul alverçisi onu vuracaq, o da rum dilində çığıracaqdır. Onda bil ki, o deyir: “Vay, abrım əldən getdi”. Müştərilərdən biri deyəcək ki, (bu kənizə xatir) üç yüz dinar (vermək) mənim boynumdadır, belə ki, onda olan iffət rəğbətimin artmasına səbəb oldu. O isə deyəcək: “Əgər Süleymanın libasında, onun səltənət kürsüsündə ortaya çıxsaydın belə, məndə sənə qarşı bir istək olmazdı. Buna görə də malına heyfin gəlsin”. Qula alverçisi deyəcək: “Bəs onda çarə nədir, bir halda ki, satışın qaçılmazdır”. Kəniz deyəcək: “Tələskənlik nəyə lazım? Bir müştəri seçmək lazımdır ki, ürəyim həm ona, həm də onun əmanətdarlıq və dindarlığına yatsın”. Elə bu zaman qalx və qul alverçisi Ömər ibn Yezidin yanına gedib ona de: “Üstümdə əşraflardan birinə aid ağzıbağlı bir məktub vardır ki, onu Rum dilində və xəttində yazmış, kəramət, vəfa, böyüklük və səxavətini orada vəsf etmişdir. Sonra naməni həmin kənizə ver ki, öz sahibinin əxlaqı barədə götür-qoy etsin. Belə ki, əgər ona meyl etsə və razılıq versə, (de ki,) mən onu səndən almaq üçün həmin şəxsin vəkiliyəm”.
Bişr ibn Süleyman deyir: “Mövlam imam Nəqinin (ə) həmin kənizin məsələsi barədə mənə təyin etdiyi bütün göstərişləri yerinə yetirdim. Belə ki, naməyə baxan kimi hönkürtü ilə ağladı və qul alverçisi Ömər ibn Yezidə dedi: “Məni bu məktub sahibinə sat!” Böyük andlarla and içdi ki, ona satmaqdan imtina etdiyi təqdirdə özünü öldürəcəkdir. Mən onunla kənizin qiyməti üstündə danışıq aparırdım, o həddə qədər ki, qiyməti barədə olan məsələ Mövlamın (ə) mənə tapşırdığı sarı rəngli kisədəki dinarların miqdarına yetişib dayandı. O, dinarları məndən aldı. Mən də kənizi gülərüz və şad halda təhvil aldım. Onu Bağdaddakı daldalandığım hücrəmə gətirdim. Qərar tutar-tutmaz cibindən Mövlasının (ə) naməsini çıxartdı, onu öpür, yanağına qoyur, göz qapağının üzərinə örtür, bədəninə sürtürdü.
Mən ona təəccüb edərək dedim ki, tanımadığın bir kəsin məktubunu öpürsənmi? O isə dedi: “Ey peyğəmbərlərin övladlarının məqamı ilə bağlı mərifəti az olan, aciz kəs! Sözümə qulaq as və qəlbini mənim üçün boşla: Mən Rum padşahı Qeysər oğlu Yəşuanın (bəzi nüsxələrdə: “Yuşəa”) qızı Müleykəyəm. Anam isə Məsihin (ə) canişini Şəmuna (ə) gedib çatan həvarilərin nəslindəndir. Sənə olduqca qəribə bir hekayə danışacağam:
Babam Qeysər məni on üç yaşımda qardaşı oğlu ilə evləndirmək istəyirdi. Buna görə də öz qəsrində həvərilərin nəslindən, keşişlərdən və rahiblərdən üç yüz; hörmətli adamlardan yeddi yüz; qoşun əmirləri, əsgər başçıları, ordu böyükləri və əşirət sahiblərindən dörd min nəfər topladı. Mülkünün dəhlizindən qəsrin səhninə (həyətinə) qədər müxtəlif daş-qaşlarla bəzədilmiş gözəl bir taxt nümayiş etdirdi və onu qırx pilləkən üzərinə qaldırdı. Qardaşı oğlu əyləşdikdə onu xaçlar əhatə etdi, keşişlər (yepiskoplar) hazırlaşmağa başladılar, İncil kitabları açıldı. (Amma birdən) xaçlar yuxarıdan tökülüb yerə yapışdı, sütunlar dağıldı, aşağı (qonaqlar olan yera) düşdülər. (Yuxarıda taxtda) əyləşən huşunu itirmiş halda yerə sərildi, keşişlərin rəngi dəyişdi, (sinə) əzələləri əsdi (içlərini qorxu bürüdü). Onların böyüyü babama dedi: “Ey Padşah, bu məsihi dininin və məlikani¹ (və ya milkani) məzhəbinin aradan getməsini göstərən bu nəhslərlə qarşılaşmaqdan bizi üzürlü bil”. Babam da bu hadisəni olduqca nəhs (və uğursuz) saydı və keşişlərə dedi: “Bu sütunlan qaldırın, xaçları ucaldın və bu bəxti gətirməyənin, uğursuzun qardaşını hazır edin ki, onu bu qızla evləndirim. Bununla da, xoşbəxtliyi sayəsində nəhslərini üzərinizdən dəf edim”. Bunu etdikləri zaman ikincinin üzərində birincidə olanlar baş verdi (birinci dəfə nə hadisələr baş vermişdisə, ikinci dəfə də hamin cür oldu). Camaat pərakəndə düşdü, babam Qeysər pərişan oldu, sarayının daxilinə gəldi və pərdələri aşağı salındı.
Həmin gecə (yuxuda) mənə göstərildi ki, sanki Məsih (ə), Şəmun (ə) və həvarilərdən olan bir dəstə babamın sarayında toplaşıblar. Babamın taxt qurduğu yerdə bir minbər qurdular ki, hündürlüyü və ucalığı səmaya çatırdı. Muhəmməd (salləllahu əleyhi və alihi və səlləm) bir dəstə gənc və övladlarından bir neçəsi ilə birlikdə onların yanına varid oldu. Məsih (ə) onu qarşılamağa gəldi, onunla qucaqlaşdı (və öpüşüb-görüşdü). Həmin vaxt Muhəmməd (s.ə.a.s.) ona dedi: “Ey Ruhullah! Mən sənin vəsin Şəmunun qızı Müleykəni bu oğlum üçün istəməyə gəlmişəm”. Əli ilə Əbu Muhəmmədə (ə) – bu namənin sahibinə işarə etdi. Məsih (ə) Şəmuna baxıb dedi: “Şərafət sənin yanına gəlmişdir. Elə isə, qohumluğunu Allah Rəsulunun (s.ə.a.s.) qohumluğuna birləşdir”. O dedi: “Bu cür də etdim”. Bu vaxt Muhəmməd (s.ə.a.s.) minbərə qalxıb xütbə söylədi və məni evləndirdi. Məsih (ə), Məhəmməd (s.ə.a.s.) övladları və həvarilər (hamılıqla buna) şahid oldular. Yuxudan oyandıqda qorxdum ki, əgər bu yuxunu atama və baba danışsam, məni öldürərlər. Buna görə də onu ürəyimdə saxladım və onlara danışmadım. Sinəm Əbu Muhəmmədin (ə) eşqilə döyündü, o həddə qədər ki, yeyib-içməkdən əl çəkdim, zəiflədim, arıqladım və ağır xəstəliyə düçar oldum. Rum şəhərlərində elə bir həkim qalmadı ki, babam onu mənim yanıma gətirməsin, əlacımı ondan istəməsin. (Ciddi cəhd göstərib nəticədə) ümidsizliyə qapıldıqda mənə dedi: “Ey gözümün nuru, ağlından bir istək keçirmi ki, onu sənin üçün bu dünyada yerinə yetirim?” Dedim ki, ey babam, görürəm ki, qurtuluş qapıları üzümə bağlanmışdır. Əgər zindanında olan müsəlman əsirlərin işgəncəsini kəssən, üzərilərindən zəncirləri açsan, onlara mərhəmət göstərsən (azad etsən) və onlara qurtuluşla minnət qoysan, ümidvaram ki, Məsih (ə) və onun anası (ə) mənə şəfa və sağlamlıq bəxş edər. Babam bu cür etdikdən sonra bədənimdə sağlamlığın aşkar olmasına çalışdım, asanlıqla qida qəbul etdim. Babam da buna sevindi, əsirlərə ikram etməyə onları izzətli tutmağa başladı. Dörd gecədən sonra yenə də (yuxumda) gördüm ki, sanki qadınların sərvəri (xanım Farimə) (ə) məni ziyarət etmişdir. İmran qızı Məryəm (ə) və cənnət xidmətçilərindən olan min qulluqçu onunla birlikdədir.
Məryəm (ə) mənə deyirdi: “Bu, qadınların xanımıdır, sənin ərin Əbu Muhəmmədin (ə) anasıdır. Mən ona toxundum, ağladım və Əbu Muhəmmədin (ə) məni ziyarət etməməsindən şikayət etdim. Qadınların xatunu (ə) mənə dedi ki, oğlum Əbu Muhəmməd (ə) sən Allaha şərik qoşduğun və xaçpərəst məzhəbində olduğun halda səni ziyarət etməyəcəkdir. Bu mənim bacım Məryəmdir ki, sənin dinindən (üz çevirərək) Allaha sığınmışdır. Buna görə də, əgər izzət və cəlal sahibi Allahın, Məsih (ə) və Məryəmin (ə) səndən razı qalmasını, Əbu Muhəmmədin (ə) səni ziyarət etməsini istəyirsənsə, o zaman de: Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur; şəhadət verirəm ki, atam Muhəmməd (s.ə.a.s) Allah Rəsuludur. Bu kəlməni dedikdən sonra qadınların xatunu (ə) məni sinəsinə sıxdı və məni xoşhal etdi. O dedi ki, indi Əbu Muhəmmədin səni ziyarət etməsini gözlə. Çünki mən onu yanına göndərəcəyəm. Bu dəm ayıldım və (öz-özümə) deyirdim ki, ah Əbu Muhəmmədin (ə) görüşünün həsrətindən… İrəlidəki gecə olduqda Əbu Muhəmməd (ə) yuxuda yanıma gəldi və onu gördüm, sanki mən ona deyirdim: Ey həbibim, qəlbimi bütün sevginlə məşğul etdikdən sonra mənə cəfa etmisən. O dedi ki, mənim gecikməyim yalnız sənin şərik qoşmağına görə idi. Daha müsəlman olduğun halda Allah əyani surətdə bizim ittifaqımızı (vüsalımızı) bir yerə cəm edənədək mən hər gecə səni ziyarət edəcəyəm. Beləliklə, bundan sonra bu həddə qədər onun məni ziyarət etməsi kəsilmədi”.
Bişr dedi: “Mən ona dedim ki, əsirliyə necə düşdün?”
O dedi: “Bir gecə Əbu Muhəmməd (ə) mənə xəbər verdi ki, baban filan gün müsəlmanlarla vuruşmaq üçün bir qoşun göndərəcəkdir. Sonra özü də onların ardınca gedəcəkdir. Sən də filan yoldan bir dəstə xidmətçi ilə birlikdə qulluqçu paltarında təğyiri-libas olaraq onlara qoşulmalısan. Mən də (belə) etdim və müsəlmanların casusları (və ya öndə gedən gözətçiləri) üzərimizə çıxdı. Nəticədə işimiz gördüyün və müşahidə etdiyin kimi oldu. Səndən savayı indiyədək heç kəs fərqinə varmayıb ki, mən Rum padşahının qızıyam. Bu da səni məlumatlandırmağımın sayəsindədir (və məsələni özüm sənin diqqətinə çatdırmışam). Qənimət payı içərisində yanına düşdüyüm şeyx məndən adımı soruşmuşdu. Ancaq mən (öz adımı gizlədərək) inkar etdim və dedim ki, Nərcisdir. O dedi ki, cariyələrin adıdır”.
Mən dedim: “Əcəbdir, sən rumlusan, amma dilin ərəbcədir!”
O dedi: “Babamın marağından və məni ədəbiyyatı öyrənməyə yükləməsindən çatmışdır. O məni tərcüməçisi olan bir qadına tapşırmışdı ki, yanıma get-gəl etsin. Belə ki, səhər-axşam yanıma gəlir və mənə ərəbcə öyrədirdi. O həddə qədər ki, dilim ona mütəmadi öyrəşdi və düzəldi”.
Bişr dedi: Onunla “Surrə mən rəa”-ya qayıtdıqda mövlamız Əbül-Həsən imam Nəqi Əskərinin (ə) yanına daxil oldum. İmam (ə) ona buyurdu: “Allah sənə İslamın izzətini, nəsraniliyin zillətini, Muhəmmədin (s.ə.a.s.) Əhli-beytinin (ə) şərəfini necə göstərdi?”
O dedi: “Sənin üçün necə təsvir edim, ey Allah Rəsulunun oğlu, bir halda ki, bunu sən özün məndən daha yaxşı bilirsən”.
Əbül-Həsən (ə) buyurdu: “İstəyirəm ki, sənə ikram edim. Hansı biri sənə daha sevimlidir: On min dirhəm, yoxsa içində əbədi şərafət olan sənə aid bir müjdə?”
Dedi: “Əksinə, müjdə (istəyirəm)”.
Buyurdu: “Dünyanın şərqinə və qərbinə malik (hakim) olacaq və yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaq bir övlada görə müjdə olsun sənə (sevin)”.
Dedi: “Kimdəndir?”
Buyurdu: “Filan ilin filan ayının filan gecəsində Rumda Allah Rəsulu (s.ə.a.s.) səni kimdən onun üçün istəmişdir?”
Dedi: “Məsih (ə) və onun vəsisindən (ə)”.
Buyurdu: “Bəs Məsih və onun canişini səni kiminlə evləndirmişdir?”
Dedi: “Oğlun Əbu Məhəmməd Həsən (ə) ilə”.
Buyurdu: “Bəs sən onu tanıyırsan mı?”
Dedi: “Anası – qadınlar xatununun (ə) əli ilə müsəlman olduğum gecədən bəri heç məni ziyarət etməsindən bir gecə (olsun belə,) boş qalmışammı?!”
Əbül-Həsən (ə) buyurdu: “Ey Kafur, bacım Həkiməni (ə) mənim üçün çağır”. Həkimə (ə) yanına daxil olduqda buyurdu: “Bu odur”.
Beləcə, Həkimə (ə) ona uzun-uzadı sarıldı, ona görə çoxlu sevindi. Sonra mövlamız ona buyurdu: “Ey Allah Rəsulunun qızı, onu evinə götür, ona vacibləri və sünnələri öyrət. Çünki o, Əbu Muhəmmədin (ə) zövcəsi və Qaimin (ə.f.) anasıdır”.
1. Məlikaniyyə – Rumda ortaya çıxan və oranı əldə edən Məlikanın əshabıdır.
📖 Şeyx Səduq, “Kəmalud-din”, bab: 41, səh. 417;
📖 Şeyx Tusi, “əl-Ğeybə”, səh. 209;
📖 Şeyx Təbəri (şiə), “Dəlailul-imamə”, səh. 490, h. 488;
📖 Şeyx Fəttal Nisaburi, “Rovzətul-vaizin”, səh. 252
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad mütləqdir!
