Bugün birinci qədr gecəsidir. Duaların, hacətlərin qəbul edildiyi, müqəddəratların təyin edildiyi gecədir.
İmam Sadiqdən (ə) nəql olunan digər bir rəvayətdə buyurulur: “Müqəddəratın təyini 19-cu gecədə, onun hökmü 21-ci gecədə, imzası isə 23-cü gecədədir.”
“Nurus-Səqəleyn” təfsiri, c.5, səh.626, h.62
Elə isə, müntəzirlər üçün əsl fürsət gecələridir. İmam Zamana (ə.c) müntəzir olanlar intizarda olduqlarını bu gecələrdə bildirməlidirlər. Qədr gecəsinin əməllərinin içində Həzrətə xüsusi yer ayırmalıyıq. Bu gecə müqəddəratımız təyin ediləcək. Gəlin elə edək ki, müqəddəratımız İmam Zamanlı olsun. Gəlin bu gecə Ona əsl xidmətçi olmaq üçün əlimizdən gələni edək. Onunla aramızda pərdə salan günahlarımızdan çoxlu istiğfar edək.
Bunun üçün sizlərlə İmam Zamana məxsus olan bir hacət namazını bölüşəcəm ki, bu namazı qılıb, ardınca İmam Zaman ağamızın salamatçılığı və fərəci üçün çoxlu dualar edək inşəallah. Mən inanıram ki, bu gecə və növbəti 2 gecədə Həzrətə nə qədər çox diqqətli olsaq, önümüzdəki ilimiz bir o qədər Həzrətə yaxın və müvəffəqiyyətli olacaqdır.
Namazın qılınma qaydası:
Namaz iki rükətdən ibarətdir. Hər rükətdə “Həmd” surəsinin “İyyakə nə`budu və iyyakə nəstə`in” ayəsi yüz dəfə təkrar olunur. Həmd surəsindən sonra “İxlas” surəsi oxunur. Rükunun “Sübhanə Rəbbiyəl-azimi və bihəmdih” (Həmd edirəm, bir halda ki, əzəmətli Rəbbim pak və münəzzəhdir) və səcdənin “Sübhanə rəbbiəl ə`la və bihəmdih” (Həmd edirəm, bir halda ki, uca Rəbbim pak və münəzzəhdir) – zikrlərini yeddi dəfə təkrar edilir.
Namazda diqqət olunası ən əsas məsələ budur ki, namazda yüz dəfə oxunan “İyyakə nəbudu və iyyakə nəstəin.” (Biz yalnız Sənə ibadət edirik və yalnız səndən kömək diləyirik) – ayəsi tam qətiyyətlə deyilməli və ibadəti yalnız Allaha məxsus edib, yalnız Onun özündən kömək dilənməlidir. Yəni, çəkic mismarın düz üzərinə vurulduğu kimi, bu sözlər də qəlbə vurulmalıdır ki, Şeytan heç bir yolla onu oradan çıxara bilməsin. Və insan yalnız bu yolla ixlasa, saf və həqiqi imana nail ola bilər.
Vəlhəmdulilləh. Allahummə əccil livəliyyikəl fərəc
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
