İnsanı Zəmanə İmamından uzaq salan ən böyük pərdələrdən biri — haram şəhvətlərdir. Haram baxış, haram düşüncə və nəfsani istəklər qəlbin nurunu söndürür, insanla İmam Zaman (ə.f) arasında görünməz divar çəkir. Haram baxan göz heç zaman O şərəfli ağanı görməyə müvəffəq ola bilməz. Əgər biz, Zəmanə İmamına layiq və yaxın bəndələrdən olmaq istəyiriksə, gərək öz nəfsimizi bu şəhvət girdabından xilas edək. Çünki yalnız pak göz, pak qəlb və islah olmuş nəfs, pak İmamın nuruna tamaşa edə bilər. Bu yola çıxmaq — Allaha, öz ruhuna və İmamına sadiq qalmaq yoludur.
Yaxşı bəs, bu haram şəhvətlərdən necə xilas ola bilərik?!
1. Allaha inam və iman
Allah-taalanın varlığına etiqad etmək, həmçinin insanın Allahın hüzurunda olduğunu və Allahın, onun həm zahirini həm də batinini hər zaman gördüyünü yəqin etmək insana kömək edir ki, öz şəhvət və ehtirasına nəzarət etsin.
📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:
“İnsan Allah Taalanın əzəmət və cəlalını öz qəlbində (qəlb gözü ilə) görməyincə gözlərini harama baxmaqdan saxlaya bilməz.”
Həmçinin bir hədisdə oxuyuruq:
Əmirəlmöminin Əli əleyhissalamdan soruşdular:
– Gözə nəzarət etmək qüdrətini necə əldə etmək olar? İmam Əli (ə) cavabında buyurdu: “Özünü hər şeydən agah olan Sultanın (Allah Taalanın) səltənəti əhatəsində görə və Ona təslim ola.”
📚 Biharul ənvar 101-ci cild 41-ci səhifə
2. Gözü haramlara olan baxışdan saxlamaq və qorumağın faydalarına diqqət yetirmək:
A) Qəlbin rahatlığı.
Özünü haram şəhvətlərdən qoruyan insan qəlbini rahat və aram etmiş olur.
📝 Əmirəl-mu’minin Əli əleyhissalam buyurur:
“Kim gözünü haramdan yumarsa (qoruyarsa) həmin insanın qəlbi rahat olar.”
📚 Müstədrəkul Vəsail 14-ci cild 271-ci səhifə 16687-ci hədis
B) Həqiqətləri kəşf etmək. Kainatın bir sıra sirrlərini görmək:
📝 Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
“Gözlərinizi haram baxışlardan yumun (qoruyun) ki, qəribəlikləri görə biləsiniz.”
📚 Biharul ənvar 101-ci cild 43-cü səhifə
C) İbadətin şirinliyini hiss etmək:
📝 Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
“Hər hansı bir müsəlman gözünü harama baxmaqdan saxlayarsa Allah Taala onun qəlbində ibadətin şirinliyini yaradar.”
📚 Mizanul hikmə 4-cü cild 3292-ci səhifə
3. Haram şəhvətin və şorgözlüyün ziyanlarına diqqət yetirmək.
📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
“Gözlər şeytanın tələlərindəndir.”
📚 Müstədrəkul Vəsail 14-ci cild 271-ci səhifə 16687-ci hədis
💢 Hətta Tibb mütəxəssisləri sübut etmişlər ki, naməhrəmə baxmaq adəti insana çox ziyanlıdır, belə ki, insanda təngənəfəslik yaradır, ürəyin anormal döyüntüsünə səbəb olur, ürək ətrafında ağrılar əmələ gətirir, ümumi halsızlıq və daimi yorğunluq yaradır, baş ağrılarına, qərarsızlığa həmçinin fikir yorğunluğuna səbəb olur.
4. Şeytani fikirlərdən və xəyalpərəstlikdən uzaq olmaq:
⭕️ Gözü haram baxışlardan qorumaq üçün ilk növbədə şeytani fikirlərin təsirindən uzaq olmaq lazımdır. Çünki günah uçurumuna yuvarlanmanın ilk addımı həmin günah barədə olan fikirlərdir.
📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
“Günah barədə çox fikirləşən insan nəhayət o günaha sürüklənər.”
📚 Ğurərul hikəm 5-ci cild 321-ci səhifə
5. Təhrik edici səbəblərdən uzaq olmaq:
Xəyalpərəstlik, naməhrəmlərlə səbəbsiz ünsiyyət, geyimlərinə fikir verməyən naməhrəmlərin çox olduqları yerlərə getmək, həmçinin günah dolu filmlərə və şəkillərə baxmaq insanda gizli şəvətləri oyadır, insanı şiddətlə günaha sürükləyir.
6. Dost seçməkdə diqqətli olmaq.
💢 Araşdırmalar bunu göstərir ki, insana günahlara aludə olmasında pis dostların çox böyük təsirləri vardır.
📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
“Ədəbsiz və pozğun insanlarla ünsiyyətdən çəkin, çünki sənin təbiətin səndən asılı olmadan onların pis xasiyyətlərini mənimsəyəcəkdir.”
📚 Şərhu Nəhcul Bəlağə 20-ci cild 272-ci səhifə (müəllif: ibn Əbil Hədid)
7. Evlənmək:
📝 Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
“Ey gənclər! Sizlərdən hansınızın evlənməyə imkanı varsa mütləq evlənsin, çünki insanı haram baxışlardan uzaq etmək və həyanı artırmaqda evlənmək ən gözəl yoldur.”
📚 Məkarimul əxlaq 10-cu səhifə
www.imamzaman.az
