Bir İmam Zaman Müntəziri Qədir-Xum Bayramına Necə Hazırlanmalı?
Qədir-Xum bayramı İslam tarixində ən əzəmətli günlərdən biridir. Bu gün Rəsulullah (s) Allahın əmri ilə İmam Əlini (ə) öz canişini kimi tanıtdı və “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” deyərək vilayət xəttini açıq-aşkar elan etdi. Bu hadisə yalnız bir tarixi dönüş nöqtəsi deyil, həm də hər bir müsəlmanın və xüsusilə də İmam Zamanın (əc) müntəzirinin ruhani həyatında təməl daşlardan biridir.
Bəs bir müntəzir bu mübarək bayrama necə hazırlaşmalıdır? Gəlin bu sualın cavabını bir neçə əsas başlıq altında araşdıraq:
1. Vilayətin Mənasını Dərk Etmək
Qədir-xum hadisəsi yalnız siyasi deyil, həm də dərin mənəvi bir hadisədir. Bir müntəzir bilməlidir ki, vilayət — Allahla rabitəni qorumağın, haqqın tərəfində olmağın və həyatını ilahi rəhbərliyin işığında yönləndirməyin adıdır. Bu, İmam Zamanın (əc) zühuruna hazırlığın əsas dayağıdır. Bayram öncəsi bu məfhumları bir daha düşünmək, vilayət əqidəsini gücləndirmək lazımdır.
2. Nəfsin Tərbiyəsi və Mənəvi Təmizlik
Qədir-xum gününə mənəvi təmizliklə daxil olmaq müntəzirin borcudur. Nəfsin islahı, qəlbin saflaşdırılması və günahlardan tövbə etməklə, o, bu bayramın nurundan daha çox faydalanar. Bu dövrdə Quran tilavətinə, dua və istiğfara daha çox vaxt ayırmaq tövsiyə olunur. İmam Zaman (əc) zühur etdikdə ona könül dolusu “ləbbeyk” deyə bilmək üçün ruhumuzu Qədir-xumun nurunda yumağa çalışmalıyıq.
3. Əhli-Beyt Məhəbbətini Gücləndirmək
Qədir-Xum bayramı Əhli-Beyt (ə) sevgisinin rəmzidir. Bu sevgini qoruyub saxlamaq və nəsillərə ötürmək müntəzirin məsuliyyətidir. Bayram ərəfəsində İmam Əli (ə) ziyarətnaməsini oxumaq, onların həyat dərslərindən ilham almaq, ailə içində bu sevgini paylaşmaq gözəl bir hazırlıq formasıdır.
4. Cəmiyyətə Xidmət və Vəhdət Ruhunu Yaratmaq
Qədir-xum, yalnız fərdi deyil, ictimai bir hadisədir. İmam Zaman müntəziri, bu bayramı təkcə öz evində deyil, cəmiyyətdə də yaşatmağa çalışmalıdır. Ən ilk vəzifələrimizdən biri bu hadisəni insanlara tanıtmaq və həqiqətin aşikar olmasına səy göstərməkdir. Bu hadisəni həm sözlə, danışıqla, həmçinin, yaxşılıq etmək, ehtiyac sahiblərinə yardım göstərməklə edə bilərik. Bu kimi addımlar Qədir-xumun ruhunun yaşanmasıdır.
5. Zühura Dua və İntizar Mədəniyyəti
Qədir-xum gecəsi və günü, İmam Zaman (əc)-a dua etmək üçün ən münasib vaxtlardandır. Dua etmək, zühur üçün yalvarmaq, salavatlar göndərmək və intizar ruhunu diri saxlamaq — bunlar bir müntəzirin Qədir-xuma hazırlıqdır.
Nəticə olaraq onu deyək ki,
Qədir-Xum bayramı yalnız keçmişin şərəfli bir xatirəsi deyil, gələcəyin — yəni İmam Zamanın (əc) gəlişinin işarəsidir. Hansı ki, Peyğəmbərimiz (s) Qədir-xum xütbəsində sonuncu Höccətə xüsusi nəzər etmiş və insanları İmam Zaman (əc) barədə məlumatlandırmışdır.
Bir müntəzir bu bayrama hazırlıqla həm öz mənəviyyatını yüksəldir, həm də zühur zəminini yaradır. Bu bayramı təkcə bayram kimi deyil, bir müqəddəs vəd kimi qarşılamaq lazımdır: “Əli ilə başlayan vilayət, Mehdi ilə tamamlanacaq!”
www.imamzaman.az
