Muhərrəm ayı, İslam tarixinin qanla yazılmış ən acı, eyni zamanda ən şərəfli səhifəsidir. Bu ay, yalnız bir hüzn və ağlama mərhələsi deyil – bu ay, haqqın batilə qarşı sükut etmədiyi, Allah yolunda şəhadətə yüksəlmişlərin and yeri, əbədi mübarizənin başlandığı bir dövrdür. Aşura isə, yalnız Hicri 61-ci ildə bitmədi – onun ruhu və mesajı hər zamanın, hər toplumun və hər fərdin həyatında yaşamalıdır.
Şiə məktəbi üçün Məhərrəm ayı və Aşura hadisəsi sadəcə tarixi bir xatirə deyil. Bu, əqidənin, əxlaqın, ədalətin və təslim olmayan ruhun məktəbidir. Bu gün biz bu hadisəni anmaqla yanaşı, onun mesajını yaşatmaq məsuliyyətini daşıyırıq. Məclislərə qatılmaq, sinə vurmaq, göz yaşı tökmək – bunlar bizim imamla ruhsal bağımızın bir ifadəsidir. Amma bu bağ yalnız duyğusal yox, eyni zamanda ideoloji və əməli bağ olmalıdır. Əgər Aşura ruhu bizim həyatımıza təsir etmirsə, bu qiyamı yalnız hadisə olaraq yaşadıq, amma mesajını yaşatmadıq deməkdir.
Çoxumuz deyirik: “Kaş Kərbəlada olaydım, İmam Hüseynin (ə) yanında vuruşaydım.” Amma bu arzunu deyənlər bilməlidir ki, Kərbəlanın ruhu zamandan və məkandan asılı deyil. O zaman İmam Hüseyn (ə) zamanın imamı idi, bu gün isə zamanın imamı – İmam Mehdidir (əccəlallahu fəracəhu). Əgər doğrudan da Kərbəlada olmaq istərdinsə, onda bu günün, bu dövrün imamının yanında ol! İmam Zaman (əc) bu günün yeganə imamıdır. O da haqqla batilin bir-birinə qarışdığı dövrdə yaşamaqdadır. Onun ordusuna qoşulmaq, onun səsini duyurmaq, onun zühuruna zəmin yaratmaq – o dövrə görə Hüseynçi demək idisə, bu günün İmamzamançısı olmaq deməkdir.
Əgər İmam Hüseyn (ə) yalnız bir tarixi şəxsiyyət olaraq yadda qalacaqsa, bu, onun özünə də, haqq qiyamına da zülm olar. İmam Hüseyn (ə) yaşamalıdır. Lakin yalnız sinə vurmaqla yox, düşüncə ilə, əxlaqla, cəsarətlə, məsuliyyətlə.
Bizi Aşuraya aparan yol – İmam Zamanın yoludur. Çünki bu günün Kərbəlası, bu günün zalımları, bu günün susqunları var. Hüseynin (ə) qiyamı zülmü aradan qaldırmaq üçün oldu. İmam Mehdi (əc) də zülmü yer üzündən silmək üçün gələcək. Bu iki qiyam – biri başlandı, digəri bitirəcək. Və arada olan dövr – sənin vəzifə dövründür.
Əgər bu gün İmam Zamanın (əc) zühurunu tezləşdirmək istəyirsənsə, əvvəlcə öz içindəki Yezidlə savaşmalısan. Tənbəllik, biganəlik, naümidlik, mənəviyyatsızlıq və diqqətsizliklə. Hər Hüseyni göz yaşı, bir Məhdəvi addımla tamamlanmalıdır. Əks halda Aşura yalnız hiss olacaq, həyat yox.
Unutma: O zaman Kərbəla idi, indi isə zühura hazırlıq meydanıdır. O zaman Hüseyn vardı, bu gün isə Mehdi.
O zaman Yezid vardı, bu gün isə zülmün modern simaları.
Zamanın imamını tanı, ona xidmət et – əsl Hüseynçi olmaq budur.
Əsl matəm, əsl xidmət, əsl məhəbbət – zamanın imamına itaətlə mümkündür.
www.imamzaman.az
