İlk öncə İmam Məhdini (ə) inkar edənlərlə bağlı Əhlibeyt əleyhimussəlamın buyurduqlarına nəzər edək. Bu hədislər Şeyx Səduqun “Kəmalud-Din və təmamun-nemət” adlı əsərində gəlmişdir.
1. Süleyman İbn Qeys Hilali Salman, Əbuzər və Miqdaddan Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Kim ölsə və bir imamı olmazsa, cahiliyyət ölümü halında ölmüşdür”.
Sonra bu hədisi Cabir və İbn Abbasa göstərdi. Onlar dedi: “Doğru demiş və yaxşı etmişlər. Bizdə bunun şahidi olmuş və bunun Allah rəsulundan (s) eşitmişik”.
Salman dedi: “Ey Allahın Rəsulu, demisən ki, kim ölsə bir imamı olmasa, cahiliyyət ölümü halında ölmüşdür. Bu imam kimdir?”
Həzrət Peyğəmbər (s) buyurdu: “Mənim vəsilərimdəndir ey Salman. Buna görə də, ümmətimdən kim ölsə və onlardan olan tanıdığı bir imam olmasa, ölümü cahiliyyət ölümüdür. Belə ki, ona qarşı cahillik və düşmənçilik etsə müşrikdir. Ona qarşı cahil olsa, amma düşmənçilik etməsə, habelə onun düşmənlərilə dostluq etməsə, cahildir, amma müşrik deyil”.
2. Səffan İbn Mihran belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Kim atalarım və övladlarımın imamətini iqrar, amma övladlarımdan olan Məhdini (ə) inkar etsə, bütün peyğəmbərləri qəbul edib, Muhəmmədi (s) inkar edən kəs kimdir”.
Soruşdular: “Ey Allahın rəsulunun (s) övladı! Övladlarından olan Məhdi (ə) kimdir?”
İmam Sadiq (ə) buyurdu: “Yeddincinin övladlarından olan beşincidir. Onun kimliyi insanlardan gizli qalacaq və adının çəkilməsi onlara halal olmuyacaq”.
3. Mərvan İbn Müslim İmam Sadiqdən (ə) belə nəql edir: “İmam İzzət və cəlal sahibi olan Allahla onun məxluqatının arasında bir bayraqdır. Buna görə də, kim onu tanıyıbsa, mömin və kim onu inkar edibsə, kafir olmuşdur”.
4. Ğiyas İbn İbrahim İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Kim övladlarımdan olan Qaimi (ə) inkar edərək ölərsə, cahiliyyət ölümü halında ölmüşdür”.
5. Hişam İbn Salim İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Övladlarımdan olan Qaimin (ə) adı mənim adım, künyəsi mənim künyəm, xasiyyəti mənim xasiyyətim, sünnəsi də mənim sünnəmdir. O, insanları mənim dinim və şəraitimə uyğun edəcək, onları izzət və cəlal sahibi olan Allahın kitabına tərəf dəvət edəcək. Ona itaat edən mənə itaət etmiş, ona qarşı çıxan mənə qarşı çıxmış, qeyb dövründə onu inkar edən məni inkar etmişdir. Mən onun işində məni təkzib edənlərdən, onun şəni barədə sözümü inkar edənlərdən, onun yolundan ümmətimi sapdıranlardan Allaha şikayət edirəm. “Zülm edənlər necə bir dönüş yerinə qaytarılacaqlarını tezliklə biləcəklər”. Şüəra,227
6. İbn Əbu Yəfur belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Kim atalarım və övladlarımın imamətini iqrar amma, övladlarımdan olan Məhdini (ə) inkar etsə, bütün peyğəmbərləri qəbul edib, Muhəmmədi (s) inkar edən kəs kimdir”. Mən soruşdum: “Ey sərvərim, övladlarından olan Məhdi (ə) kimdir?” İmam Sadiq (ə) buyurdu: “Yeddincinin övladlarından olan beşincidir. Onun kimliyi insanlardan gizli qalacaq və adının çəkilməsi onlara halal olmuyacaq”.
7. Əmmar İmam Sadiqdən (ə) belə nəql edir: “Kim ölsə və bir imamı olmazsa, cahiliyyət, küfr, şirk və sapqınlıq ölümü halında ölmüşdür”.
8. İbn Müskan İmam Sadiqdən (ə) belə nəql edir: “Diri olanlardan birini inkar edən kəs, sanki elə ölülərdən birini inkar etmişdir”.
9. Muhəmməd ibn Füzeyl İmam Rzadan (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) Möminlərin əmiri Əliyə (ə) belə buyurduğunu nəql edir: “Ey Əli! Sən və övladlarından olan imamlar (ə) məndən sonra izzət və cəlal sahibi olan Allahın məxluqatının üzərində olan Höccətləri, yaratdıqlarının arasında bayraqları, nişanələrisiniz. Buna görə də, kim sizdən birini inkar etsə, məni inkar etmişdir; kim sizdən birinə qarşı çıxsa mənə qarşı çıxmışdır; kim sizdən birinə vəfa etsə, mənə vəfa etmişdir; kim sizə birləşsə, mənə birləşmişdir; kim sizə itaət etsə, mənə itaət etmişdir; kim sizə düşmənçilik bəsləsə, mənə düşmənçilik bəsləmişdir; çünki siz məndənsiniz, mənim palçığımdan yaradılmısınız, mən də sizdənəm”.
10. Abdullah ibn Qüdamə Tirmizi, İmam Kazimdən (ə) belə nəql edir: “Kim dörd şeyə şəkk etsə, Allahın bütün nazil etdiklərinə küfr etmişdir. Onlardan biri hər bir dövr və zamanda imamı kimliyi və xüsusiyyəti ilə tanımaqdır”.
11. Aban ibn Təbliğ belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “İmamları tanıyan, lakin dövrünün imamının tanımayan kəs mömindirmi?”
İmam Sadiq (ə) buyurdu: “Xeyr“
Mən soruşdum: “Müsəlmandırmı?”
İmam Sadiq (ə) buyurdu: “Bəli“.
Şeyx Səduq (r.ə) bu hədisin izahında belə yazır: “İslam, yəni müsəlman olmaq iki şəhadəti (tövhid və nübuvvət) iqrar etməkdən ibarətdir ki, bununla da qanları və canları qorunmuş olur. Lakin savab və mükafat əldə etmək yalnız imana (imamət əqidəsinə) görədir; necə ki, Allah rəsulu (s) bu barədə belə buyurmuşdur: “Kim: “Allahdan başqa məbud yoxdur və Muhəmməd (s) onun rəsuludur! — söyləsə, onun qanı və malı qorunmuşdur. Bu, yalnız o iki şeyin haqqına görədir, lakin onun hesabı izzət və cəlal sahibi olan Allaha qalmışdır”.
12. Füzeyl ibn Yasər İmam Baqirdən (ə) belə nəql edir: “Kim ölsə və bir imamı olmazsa, cahiliyyət ölümü halında ölmüşdür. İnsanlar öz imamlarını tanıyanadək üzrlü sayılmırlar”.
13. Əbu Leylanın İmam Sadiqdən (ə) nəql etdiyi uzun bir hədisin axırlarında belə buyurulur: “Görməyən kəs hidayət ola bilər? Xəbərdar edilməyən kəs necə görə bilər? Allah rəsulunun (s) sözünə tabe olun. İzzət və cəlal sahibi olan Allah dərgahından nazil olanı iqrar edin. Hidayət nişanələrinə tabe olun, çünki onlar əmanət və təqvanın nişanələridirlər. Bilin ki, bir şəxs İsa ibn Məryəmi (ə) inkar etsə və ondan başqa digər rəsulları (ə) qəbul etsəydi, iman gətirmiş olmazdı. Yolu işıq yolunu axtarmaqla gedin və nişanələri örtüklərin arxasında axtarın. Öz dininizin işlərini tamamlayın və rəbbiniz olan Allaha iman gətirin!”
14. Ğiyas İbn İbrahim İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Kim övladlarımdan olan Qaimi (ə) inkar edərsə, məni inkar etmişdir”.
Zühuru inkar edənlərin halı
1. Südeyr Seyrəfi belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “İmam Məhdinin (ə) Yusuf peyğəmbərə (ə) oxşarlığı var”.
Mən soruşdum: “Onun həyat tərzini deyirsiniz, yoxsa qeybə çəkilməsini?” İmam Sadiq (ə) buyurdu: “Bu ümmətin donuz xislətli adamları onun barəsində nəyi inkar edirlər? Yusifun (ə) qardaşları peyğəmbər övladları olmalarına baxmayaraq, öz qardaşlarını satdılar və bir müddət sonra üzləşib danışsalar da, onu tanıya bilmədilər. Axırda da Həzrət Yusuf (ə) özünü tanıdaraq belə buyurdu: “Mən Yusifəm bu da mənim qardaşımdır”. (Yusuf,90) Bu ümmət Allah-təalanın Yusiflə (ə) etdiyi işin təkrarını Öz höccəti ilə edəcəyini inkar edəcək oldularmı?!”
İsbatul-Huda, 3/442
2. Əbu Həmzə Sumali belə rəvayət edir: “Bir gün İmam Baqirin (ə) xidmətində olarkən, camaat gedəndən sonra o Həzrət (ə) mənə belə buyurdu: “Ey Əbu Həmzə! Allah yanında hökmən baş verəcək məsələlərdən biri Qaimin (ə) qiyamıdır. Mənim bu dediklərimə şəkk edənlər, Allahla kafir və Onu inkar edən halda görüşəcəklər”.
İsbatul-Huda, 3/532
3. Əbu Bəsir İmam Sadiqdən (ə) belə rəvayət edir: “Qaim (ə) zühur edərkən camaatın bir çoxu onu inkar edəcək, çünki o Həzrəti (ə) cavan halda görüb, şəkkə düşəcəklər. Sabitqədəm qalanlar yalnız Allahın “Zərr” aləmində əhd-peyman aldığı şəxslər olacaqlar”.
İsbatul-Huda, 3/583
4. Hişam ibn Salim İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Qaim (ə) mənim nəslimdəndir. Ona itaat edən mənə itaət etmiş, ona tabe olmuyanlar isə mənə tabe olmamışlar. Onun qeybə çəkilməyini dananlar məni danmış, onu yalan bilənlər isə məni yalan bilmişlər. Kim onu, doğurdan da, qəbul etsə və ona tabe olsa, məni təsdiq etmişdir. Mənim onun barəsində söylədiklərimi inkar edən, yalanlayan və ümmətimi ona etiqaddan saxlayanlardan Allaha şikayətlənirəm! “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!”
Şüəra, 227;
İsbatul-Huda, 3/472, 3/532
¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
