İmam Mehdi (ə) bütün peyğəmbərlərin varisidir.
1. İmam Baqir (ə) buyurur: “Musanın (ə) əsası, Adəmin (ə) əsası idi, ondan sonra o, Şüeybə çatdı və o Musa ibn İmrana (ə) verdi. Həmin əsa indi bizim yanımızdadır. Bir az əvvəl onu gördüm, ağacdan təzəcə ayrılmış halda idi. Ona sual verildiyi zaman cavab verir. O, Qaimin (ə) intizarındadır. Həzrət (ə) onunla Musa ibn İmranın (ə) etdiyi işləri edəcək”.
İsbatul-Huda, 3/439
2. İmam Baqir (ə) babası İmam Əliyə (ə) belə nəql edir: “Mehdi (ə) mənim nəslimdəndir. O, qeybə çəkiləcək və camaat həmin dövrdə yolunu azacaq. Peyğəmbərin (s) yadigarı ondadır. O, yer üzünü, zülm və sitəmlə dolduğu kimi, haqq-ədalətlə dolduracaq”.
İsbatul-Huda, 3/4611
3. Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə soruşduğunu deyir: Hz.Yusifin köynəyi kimə çatdı? İmam (ə) cavab verdi: “Sahibinə! Bizim Qaimimiz (ə) qiyam edəndə həmin köynək onda olacaq.”Bir az sonra Həzrət (ə) buyurdu: “Hər hansı bir Peyğəmbər (s), elm yaxud da başqa şeyi özündən sonra irs buraxıbsa, o Həzrəti Muhəmmədə (s) yetirmişdir” (o Həzrət də onları məsum ailəsinə tapşırmışdır).
İsbatul-Huda, 3/494
4. Abdullah ibn Sənan İmam Sadiqdən (ə) belə nəql edir: “Musanın (ə) əsası behişt ağaclarından olan As ağacının budağından idi. Musa (ə) Mədinəyə getdiyi zaman Cəbrail (ə) həmin əsanı ona verdi. Həmin əsa və Adəmin (ə) tabutu Təbəristan gölündədir. Onlar nə çürüyür, nə də dəyişikliyə uğrayır. Bu, Qaim (ə) zühur edib onları çıxardana kimi elə bu cür davam edəcək”.
İsbatul-Huda, 3/540
5. Ziyad ibn Münzir İmam Baqirin (ə), ona belə buyurduğunu nəql edir: “Qaim (ə) zühur edəndə Allah rəsulunun (s) bayrağını, Süleymanın (ə) üzüyünü, Musanın (ə) daşını və əsasını üzə çıxaracaq”.
İsbatul-Huda, 3/541
6. İmam Baqir (ə) buyurdu: “Həzrət Qaim (ə) birinci Antakiyadan başlayacaq. Musanın (ə) Tövratını, əsasını və Süleymanın (ə) üzüyünü orada olan bir mağaradan çıxaracaq.
İsbatul-Huda, 3/544
7. Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: “Qaim (ə) ətrafını insan axını bürüməmiş Məkkədən çıxmayacaq”. Soruşdum ki, sayları nə qədər olacaq?” Buyurdu: “On min nəfər. Cəbrail (ə) sağ, Mikail (ə) isə sol tərəfdən onu əhatə edəcəklər. Bundan sonra İmam (ə) qələbə bayrağını dalğalandıraraq yola düşəcək. Şərq və qərbdə olanlar ona lənət yağdıracaq. Halbuki bu elə Cəbrayılın (ə) Bədr döyüşündə Peyğəmbərə (s) gətirdiyi bayraqdır “. Sonra İmam (ə) belə buyurdu: “Peyğəmbərin (s) Ühüd döyüşündə mübarək bədəninə geyindiyi köynəyi, əmmaməsi, böyük zirehi onun əynində və Zülfüqar qılıncı, həmçinin Allah rəsulunun (s) qılıncı əlində olacaq “.
İsbatul-Huda, 3/545
8.Əbulcarud Ziyad ibn Münzirdən İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Qaim (ə) zühur etdiyi zaman Allah rəsulunun (s) bayrağı ilə, Süleymanın (ə) üzüyü ilə, Musanın (ə) daşı ( bu, həmin daşdır ki, Allah Qurani- Kərimdə onun barəsində belə buyurur: Qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı o daşa vur. Beləliklə, ondan on iki çeşmə qaynadı. Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı ) və əsası ilə zühur edəcək. Sonra öz carçısına əmr edəcək ki, səslənib belə desin: Agah olun, heç biriniz yemək, nə su, nə də miniyi üçün ot götürməsin “. Əshabı deyəcək: “O bizi və heyvanlarımızı aclıq və susuzluqdan öldürmək istəyir “.
O, yola düşəcək və əshabı da onunla birgə gələcək. Dayandıqları ilk yerdə daşa vuracaq və ondan yemək, su və ot çıxacaq. Bundan sonra onlar yeyecek, içəcəklər, həmçinin heyvanları da yeyəcək. Nəhayət gəlib Kufənin arxasında Nəcəfə çatacaqlar”.
Əraf, 160
Üsuli-Kafi, 1/234
9. Əbu Bəsirdən belə nəql olunur: “İmam Sadiq (ə) buyurdu: “Halqa tamamlanmayınca Qaim (ə) xüruc etməyəcək “.
Soruşdular: “Halqanın tamamlanması nə qədərdir ?”
İmam (ə) buyurdu: “On min nəfər! Cəbrail (ə) sağında , Mikail (ə) də solunda. Sonra Qaim (ə) bayrağı yelləyib onunla irəliləyəcək. Şərqdə və qərbdə elə bir adam qalmayacaq ki, o bayrağa lənət oxumasın. O, Allah Rəsulunun (s) bayrağıdır ki, Cəbrail (ə) onu Bədr günündə nazil etmişdi. Ey Əbu Muhəmməd!
Allaha and olsun ki, o nə pambıqdandır, nə kətandandır, nə qəzzdəndir, nə də ipəkdən”.
Mən soruşdum: “Bəs nədəndir?”
İmam (ə) buyurdu: “Cənnət yarpağından. O bayrağı Allah rəsulu (s) Bədr günü açmışdı. Sonra onu büküb Əliyə (ə) verdi. O daim Əlinin (ə) yanında idi. Nəhayət Bəsrə günü Cəməl döyüşündə onu açdı, buna görə də, bir qələbə qazandı. Sonra onu bükdü. O bayraq hal-hazırda burada bizim yanımızdadır. Qaim (ə) qiyam edənədək onu heç kəs açmayacaq. Elə ki, qiyam etdi, bayrağı da açacaq. Şərqdə və qərbdə elə bir adam qalmayacaq ki, o bayrağa lənət oxumasın. Qorxu onun önündə bir ay hərəkət edəcək. Ey Əbu Muhəmməd! O, zühur etdiyi zaman yaxınları öldürülüb qisası alınmayan bir şəxs kimi zühur edəcək. Allahın bu insanlara qarşı qəzəbli olmasına görə o da qəzəbli və qüssəli olacaq. Başında onun “Səhab” adlı əmmaməsi olacaq. Onun zirehi Allah rəsulunun (s) zirehi olacaq. Qılıncı Allah rəsulunun (s) “zülfüqar” adlı qılıncı olacaq. Qılıncını sıyırıb səkkiz ay çiynindən asacaq və şiddətlə öldürəcək. İlk başlayacağı şəxslər Bəni- Şeybə olacaq. O , onların əllərini kəsib Kəbədən asacaq və onun carçısı səslənib deyəcək: “Bunlar Allahın oğrularıdır”. Sonra Qüreyşə keçəcək. Onlarla yalnız və yalnız qılınc əsasında davranacaq.
Əlidən (ə) bəraət məzmunu daşıyan iki məktub oxunmadan Qaim (ə) zühur etməyəcək. Biri Bəsrədə, biri də Kufədə”.
İsbatul-Huda, 3/545
10. Aban ibn Təğlib İmam Sadiqdən (ə) belə buyurduğunu nəql edir: “Sanki mən Qaimin (ə) Kufə təpəliklərində dayandığını görürəm. Onun üzərində Cənnət ipəyindən olan yaşıl paltar var. Allah rəsulunun (s) zirehini geyinmişdir. O, zirehi geyindiyi zaman zireh onun əynində silkələnəcək və əyninə yerləşəcək. Sonra tünd rəngli olan ala bir ata minəcək. Atın iki gözünün arasında tükü sallanmış olacaq ki, parıldayacaq. Allah rəsulunun (s) bayrağı onunla olacaq”.
Soruşdum: “Bayraq onda olacaq yoxsa ona gətirəcəklər?”
İmam (ə) buyurdu: “Əksinə, bayrağı ona Cəbrail (ə) gətirəcək. Onun tutacağı Allahın ərşinin sütunlarındandır. Qalan hissəsi isə Allahın qələbəsindəndir. Onu nəyə tərəf dalğalandırarsa Allah həmin şeyi məhv edəcək. Onu Cəbrail (ə) ilə birlikdə doqquz min mələk və həmçinin üç yüz on üç mələk endirəcək”.
Soruşdum: “Sizə fəda olum, bütün bu mələklər onunla olacaqlar?”
İmam (ə) buyurdu: “Bəli. Onlar həmin mələklərdir ki, Nuh (ə) ilə birlikdə gəmidə idilər. Oda atıldığı zaman İbrahimlə (ə) idilər. Onlar həmin mələklərdirlər ki, dəniz Musa (ə) üçün yarıldığı zaman yanında idilər. Allah onu Öz dərgahına qaldırdığı zaman İsa (ə) ilə birlikdə idilər. Onların dörd mini Allah rəsulu (s) ilə birgə olan müsəvvimin (nişanlanmış) mələklərdirlər. Üç yüz on üçü onunla birlikdə Bədrdə iştirak edən mələklərdirlər. Onlarla birgə dörd min mələk də var ki, onlar Hüseyn (ə) ilə birlikdə döyüş izni almaqdan ötrü səmaya qalxmış lakin yerə döndükləri zaman Hüseyn (ə) şəhid edilmişdir. Onlar Qiyamətədək onun qəbrinin yanında oturub üst-başlarına toz-torpaq yazarlar. Onlar Qaimin (ə) zühurunu gözləyirlər”.
Kəmalud-din 671
¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
