Uzun zamandan bəri ürəyimdə daşıdığım və gecə-gündüz qəlbimi sıxan, mənə rahatlıq verməyən dərdli bir həqiqətin üstündən pərdəni kənara çəkib, bu ağır qəmi həmfikir dostlarım və dindaşlarımla bölüşmək istəyirəm. Zənnimcə onlar dərdimi danışarkən müşahidə elədikləri bir başa söylənən ifadələrə görə məni bağışlayacaq və üzrümü qəbul edəcəklər. İndiyə kimi Əhli-Beyt (ə) məzhəbindən olan bir çox alim, yazıçı və mütəfəkkirlər çox mühüm əhəmiyyət daşıyan taleh yüklü əqidəvi və Quranla sıx bağlı həqiqət olan İmam Mehdi (ə) ilə əlaqəli vəzifələrinin öhdəsindən layiqincə gələ bilməmiş geniş əhatəli və o Həzrətin uca məqamına yaraşan şəkildə kitablar yazmamışlar. (Əlbəttə ki, Kəmalud-din, Şeyx Tusi və Şeyx Nomaninin əl-Ğeybə kitabları istisna olmaq şərti ilə) Fikrimi təsdiq edən budur ki, indiyə kimi alimlərimizin o Həzrətlə bağlı ərsəyə gətirdikləri kitabları müşahidə edərkən görürsən ki, bunlar heç onların digər kitablarının mində bir faizini belə təşkil etmir. Bilirsiz bu nə deməkdir?! Bunu mən yalnız vəzifənin yerinə yetirilməsində, digərlərinə çatdırılmasında səhlənkarlıq kimi qiymətləndirirəm. Hər həftə bazarlara çıxarılan müxtəlif sahələrə aid yazılmış kitablara nəzər salın. Görəcəksiniz ki, o Həzrət (ə.f) və onunla əlaqədar həssas məsələlərlə bağlı yazılmış kitablar o biri kitablarla müqayisədə heçnədi. İnanmırsızsa yoxlayın, görəcəksiniz ki, yüz il ərzində o Cənabla bağlı yazılmış kitabların sayı heç yüzə çatmır. Bu azlığı müxtəlif mövzulara dair yazılmış və hər gün artmaqda olan kitablarla müqayisə etsəydiniz pis olmazdı. Onda görərdiniz ki, biz Quran və əqidəmizlə sıx bağlı olan bu məsuliyyətin öhdəsindən gəlməkdə necə səhlənkarlıq eləmişi. Özüdə bu təqsirkarlıq o Cənabın onun ideal hədəfləri haqqında mühüm kitablar yazmağın o biri İmamlar haqqında yazmaqdan daha önəmli olduğu bir halda baş verir. Çünki, insanlar əqidə ixtilaflarına baxmayaraq heç olmasa bu fikirdə vəhdətdədirlər ki, o biri İmamlarımızın Əmirəl Möminindən (ə) tutmuş Həzrət Mehdinin (ə) atasına kimi hər biri dünyaya gəlmiş, bir ömür camaat içində yaşamış, insanları haqqa çağırmış və nəhayət dünyadan köçmüşlər. Bunu hamı qəbul edir az çox məlumatı olanlar bilirlər ki, həzrət Əli (ə) adlı bir şəxsiyyət olub və atasının adı da Əbu Talibdir. İmam Əli (ə) çox ədalətli, şücaətli, səxavətli və şəfqətli bir insan olub. Fikir ayrılıqı sadəcə bundadır ki, bir qrup onu həzrət Peyğəmbərin (s) birinci haqq canişini kimi qəbul etmiş o biri qrup isə dördüncü kimi qəbul etmişdir. Dünyada İmam Əlinin (ə) tarixi şəxsiyyətini inkar edən onun real bir şəxs olduğunu deyil əfsanə olduğunu zənn eləyən bir şəxs yoxdur. O biri İmamlar barəsində də eyni fikirlər yekdildir. Lakin İmam Mehdinin (ə) həssas tale yüklü məsələsi haqda və onun ilahi məsləhət və xüsusi şəraitə görə üzərinə kölgə düşən həyatı digər imamlardan fərqlənir. Buna görə də, hətta bəzi adını müsəlman qoyanlar belə onu xurafat adlandırır. Və bəzəndə o cənabın möhkəm dəlillərlə sübuta yetmiş tarixi şəxsiyyətini inkar edirlər. Onlar mənasız sözlərini hədis təfsir kitablarında olan mötəbər hədislərlə qarşı qarşıya qoyur, onun hələ dünyaya gəlmədiyini söyləyirlər. Gah da bəhanələr gətirirlər ki, o neçə yüz illərdir necə yaşayır, nə üçün qeybə çəkilib, nə zaman zühur edəcək… Həzrətin mübarək şəxsiyyəti ilə bağlı belə şəkk-şübhələr tərəddüd toxumu səpmək üçün belələrinin dilindən əksilmir. Tutaq ki, son əsrdə o Həzrətlə bağlı yazılmış kitabların sayı yüzü keçib, elə isə onların tirajı necə sizi qane edir? Çox təəsüf ki, çap olunan kitabların hər birinin tirajı neçə mini keçmir və bu hesabla belə kiçik rəqəm İslam cəmiyyətində yaranan bir belə boşluğu necə doldura bilər. Bu kitablar belə dəyərli dini və əqidəvi kitablara şiddətli ehtiyac duyan müsəlmanlaramı çatsın yoxsa şəkk-şübhə və irad yayanlaramı cavab versin.
Görəsən o Həzrət layiq deyilmi ki, İslam alimləri camaatın qəlbini ona tərəf yönəldə və ümmətlə haqq İmam arasında isti dostluq münasibətləri yaradıla… Statistik rəqəmlər göstərir ki, ərəblərin sayı yüz əlli milyondan, ümumi müsəlmanların sayı isə bir milyarddan çoxdur. Bu rəqəmlərin həqiqəti bunu göstərir ki, hər müsəlman ərəbin dörddə bir milyonuna İmam Mehdi (ə) bağlı bir kitab belə yetişmir, hələ qalsın başqa müsəlmanlara. Kaş heç olmasa bu kitablar tədqiqat və mütailə əhlinə qismət olardı. Heç olmasa məlumatların yayılmasına səbəb olardı. Amma dərt budur ki, bu az saylı kitablar belə onlara ehtiyacı olmayan kitab hərislərinin şəxsi həbsxanalarında məhbus həyatı yaşamaqdadır. Bu az saylı statistik rəqəmləri yadda saxlayın və sonra dünyada gündəlik həftəlik və aylıq çıxan, özüdə tirajları ağılları heyrətdə qoyan on min və on milyon tirajlarla nəşr edilən saysız hesabsız qəzet və jurnallar haqqında düşünün. Sətirlərin müəllifinin özü bir sıra İslam ölkələrində nəşr edilən elə həftəlik jurnallar tanıyır ki, onların tirajı üç yüz min nüsxəni keçir. Life jurnalı hər həftə səkkiz milyon, əl-Muxtar ayda otuz altı milyon, Tokioda nəşr olunan üç qəzetin hər biri gündə on iki milyon tirajla çap olunur. Bəli onlar belə yazır, belə nəşr edirlər. Halbuki həmin qəzet və jurnalların dəyəri həmin gün də məhdudlaşır. Səhəri gün və hər keçən gün öz dəyərini itirir, olara şey-şüy bükür, nəhayət zibilliyə atırlar. Amma kitab belə deyil, hər bir kitab özünə görə xüsusi bir elmi dini dəyərə malikdir. Hər keçən gün öz dəyərini daha da artırır. Söz çoxdur, bu məsələləri təfəkkür etmək məsuliyyətimizi daha da ağırlaşdırır. Arzu edirik ki, Allah-taala savadlı, dərin imanlı və qeyrətli müsəlmanlara İmam Mehdinin (ə) təbliğatı işində müvəffəqiyyət versin. Bəlkə onlar bu elmi geriliyi fikri və dini süstlüyü aradan götürə bilsinlər.
Mətn: Muhəmməd Kazım Qəzvini
Tərcümə edən: Dilman Şahmərdanlı
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
