Dünyanın vəziyyəti heç ürək açan deyil! Heç özümüzün də! Adam nə qədər xoşagəlməz şeylər eşidər?! Məgər biz dünyaya zülm çəkməyə gəlmişik?! Məgər biz xoş gün üzünə həsrət qalmalıyıq?!
Bu taleyi bizim üçün Allahmı yazıb?! Yazsaydı, Quranda deyərdimi ki, siz istəsəniz, Allah yerin, göyün bərəkət qapılarını sizin üzünüzə açar, hər yeri yamyaşıl, gül-çiçəkli, xoş ətirli cənnətlərə çevirər?!
Əziz və gözəl qardaş-bacılarım! Mən bu yazıda sizin yadınıza ele bir həqiqət salmaq istəyirəm ki, ondan daha real və daha ciddi, daha zəruri və daha əhəmiyyətli bir məsələ yoxdur.
Elə bir müqəddəs və dəyərli mövzunu xatırladıram ki, ondan daha müqəddəs və daha dəyərli bir mövzu yoxdur! Çünki yalnız o mövzu və məsələ həyata keçəcəyi təqdirdə bütün dəyərlər dəyər qazanacaq.
Buna görə də siz əziz qardaş- bacılarımdan çox xahiş edirəm ki, vaxt ayırıb bu yazını səbr, diqqət və hövsələ ilə oxuyasınız və nəhayət, Yer üzünün Tənhasına kömək etmək üçün bizi tək qoymayasınız.
Dava-dalaşsız, qan-qadasız, xata-balasız, ah-naləsiz bir dünya olmasını istərdinmi?
İstərdinmi ki, zülm, stres, depressiya, qəm-kədər və acı göz yaşları olmasın ?! Arzu edərdinmi ki, səksəkəli yuxular olmasın, aramlıq və rahatlıq olsun?! Nigaranlıq və təşviş olmasın, əmin-amanlıq və sakitlik olsun?! Kasıblıq və yoxsulluq olmasın, bolluq və firavanlıq olsun?!
Biz elə bir dünyanın sakini və şahidi ola bilərikmi ki, maddi kömək etmək üçün kasıb olmasın, hamı ehtiyacsız olsun?! Elə bir gün gələ bilərmi ki, Yer üzündə aşağı və yuxarı, varlı və kasıb, zəif və güclü, zalım və məzlum, işğal və talan, qaçqın, köçkün, didərgin, hiylə, kələk və yalan, namussuzluq, namərdlik və haram, iffətsizlik, əxlaqsızlıq və günah, siyasətbazlıq, saxta intriqalar, boş vədlər və simasızlıq olmasın?!
Mümkündür! Olmalıdır da! Çünki bu, Allahın və peyğəmbərlərin vədidir! Ona görə də hökmən həyata keçəcək!
O işıqlı gələcək Mövlamız, Peyğəmbərimizin (s) ”Dünyanın sonuna bircə gün qalsa da…” hədisində buyurduğu Həzrəti Məhdinin imamlığı, rəhbərliyi ilə gələcək! Amma nə vaxt? Tez ola bilərmi? Bizdən asılı bir şey varmı?
Var! O günün tezləşməsi bizimlə sıx şəkildə bağlıdır! Biz istəsək, Allahın izniylə tez baş verər!
Məndən başlayaraq mənlərin sayını çoxalda bilsək və “mən”lər “biz”ə çevrilsə …! Sadəcə, bir dua! Çox şey istənilmir axı bizdən! Saf niyyətlə və təmiz ürəklə!
Güclü istək və iradə ilə! Əzmkarlıq, qərarlıq, səbatla!
Mövlamız, gözümüzün işıği, dünyamızın yaraşığı, yeganə sağ imamımız, xilasımız və o xilaskarımız – İmam Məhdi əleyhissəlam alimlərimizdən birinə yazdığı məktubda belə buyurub: “Mənim gəlişimin və üzə çıxmağımın tezləşməsi üçün çox dua edin! Çünki o sizin qurtuluşunuzdur!”
Yenə də Həzrət başqa yerdə bir şəxsə belə buyurub: “Allahı bibin Zeynəbin haqqına and verərək mənim zühurumu və gəlişimi tezləşdirməsini istəyin!”
Çıxış yolu aydındır! Elə deyilmi, əziz müsəlman bacı -qardaşlarım?!
Görürsünüzmü, xilas yolu necə yaxındır və necə asan?!
Bizdən istənilən, sadəcə, davamlı olaraq hamılıqla çox dua etməkdən ibarətdir.
Bu səbəbdən Həsrətin dediyi duanı çox edin. Gündəlik dualarınıza, hətta namazlarınızın qünutuna əlavə edin. Unutmayın ki, Fərəc bizim dualarımızdadır.
اَللَّهُمَّ اِنٖي اَسْأَلُكَ بِحَقِّ زَيْنَبْ بِنْتِ عَلِيٍّ اَنْ تُعَجِّلَ فَرَجَ وَلِيِّكَ الْقٰائِمِ الْمُنْتَظَرْ (عليه السّلام)
Allahummə inni əs’əlukə bihəqqi Zeynəb binti Əliyyin ən tuəccilə fərəcə vəliyyikəl Qaimil-Muntəzər!
İlahi, Əli qızı Zeynəb hörmətinə sənin Vəlin olan (rəhbər qərar verdiyin) Gözlənilən Qiyamçının zühurunu tezləşdir!
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir.
