Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. Elə buna görə də susmaq hikmət qapılarındandır. Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mö᾽min bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar. “Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.” Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Mö᾽minin nicatı dilini qorumaqdadır”. Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: “Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”.
Dillə qazanılan savab da var, dillə qazılan uçurum da. İnsan öz ağlını dili ilə ortaya qoyar, ya da onu heçə çevirər. Bəzən bir söz bir ürəyi dirildir, bəzən bir kəlmə illərlə qurulan imanı yerlə bir edər. Odur ki, mö’min danışmazdan öncə susar, düşünər, sonra deyər. Bu səbəbdəndir ki, dilə nəzarət – qəlbə nəzarətin göstəricisidir.
İndi isə belə bir sual çıxır qarşımıza: Haqqın son höccəti, İmam Zaman (ə.c) üçün yol gözləyən bir müntəzir bu tövsiyələrə necə yanaşmalıdır?
Cavab budur: Həqiqi bir İmamzamançı elə bu nəsihətlərin təcəssümüdür. Onun dili Quranın və Əhli-Beyt (ə) sözləri ilə bəzənmişdir. O, dilini qeybət, yalan, boş və mənasız sözlərdən qoruyar. Çünki bilir ki, imamın zühuruna zəmin hazırlamaq – insanın özünü düzəltməsindən başlayır.
İmam Zaman (ə.c) bizdən hündür səslə çağırmağı yox, səssiz ədəbimizi istəyir. O bizi görür, bizi tanıyır, bizim dualarımıza bələd, bizim susqunluğumuzu da eşidəndir. Və heç bir şey Ona – bir müntəzirin halal loxma, təmiz qəlb və ədəbli dilindən daha sevimli deyil.
Unutmayaq: zühurun uzanması təkcə qeyb sirrinin deyil, həm də bizim hazırlıqsızlığımızın nəticəsidir. Zühura hazırlaşmaq – öncə dilimizi ədəb, hikmət və sükutla tərbiyə etməkdir. Elə bir sükut ki, içində təfəkkür var, təqva var, Allaha yönəlmiş niyyət var.
Bəli, doğru bir müntəzir – hər sözü ilə cəmiyyətə işıq saçan, hər sükutu ilə fitnəni söndürən bir nur çırağı kimidir. İmamının yoxluğunda onu utanmayacaq bir həyat yaşayan insandır. Hər kəs dillə onun ardıcılı olduğunu deyə bilər. Amma əsl müntəzir – dili ilə də, sükutu ilə də, niyyəti və əməlləri ilə də imamının gələcəyi cəmiyyətin nümunəsini bu gündən qurandır.
İlahi! Bizi elə insanlar sırasına qat ki, dilləri sənə zikr, sükutları sənə təfəkkür, sözləri isə zühur yolunda nur olsun. Amin.
www.imamzaman.az
