Leylətul-Rəğaib arzuların səssizcə göylərə yüksəldiyi müqəddəs bir gecədir.
Bu gecə qəlblər pərdəsiz danışır, dil isə ruhun arxasınca susur. İnsan öz daxilinə daha yaxın olur, çünki ilahi mərhəmət onda yerləşdirilib. Səma bu gecə daha açıq, yer daha mülayim hiss olunur.
Dualar yorulmur, çünki ümid ayıqdır. Leylətul-Rəğaib istəklərin sadəcə istənildiyi deyil, saflaşdırıldığı bir gecədir. Bu gecə arzuların istiqaməti müəyyən olunur.
Bu istiqamətin mərkəzində isə Zəmanə İmamı dayanmalıdır.
Çünki bütün xeyirli arzular sonda ona aparır. İmam Zaman (ə.f) ümmətin ümididir, amma ən çox unudulan ümidi. O, yaşayır, amma qəribdir. Gözləyir, amma az xatırlanır. Bu gecə onun qəribliyini düşünmək qəlbi oyadır.
Minlərlə dua edilir, amma neçəsi ona çatır?
Minlərlə arzu dilə gəlir, amma neçəsi onun zühuru üçündür?
Halbuki yer üzünün bütün yaraları onun gəlişi ilə sağalacaq. Zülmün bitməsi, haqqın dirilməsi, insanın insan olması onunla tamamlanacaq.
Onsuz edilən dualar yarım qalır. Onsuz qurulan ümidlər tez sönür. Çünki qurtuluşun ünvanı birdir.
Leylətul-Rəğaib gecəsi bu ünvanı yenidən xatırlamaq üçündür. Bu gecə öz dərdimizi onun dərdi ilə birləşdirməliyik. Öz nicatımızı onun zühurunda axtarmalıyıq. Çünki o gəlmədən dünya rahatlanmayacaq.
Bu gecə dualarımızın ən uzun hissəsini ona ayıraq.
Sözlərimiz az olsa belə, niyyətimiz dərin olsun. Həzrətin adını qəlbimizin mərkəzinə yazaq. Ağanın yoluna uyğun yaşamağa söz verək. İmam Zaman üçün edilən dua insanı dəyişir. Bu dua insanda sevgini, mərhəməti, mərifəti artırır. Bu dua gözləmənin passiv olmadığını öyrədir. Bu dua bizi hazır olmağa çağırır. Gəlin bu gecə arzularımızı bir arzuda birləşdirək. Gəlin ən böyük istəyimizi dilimizdən düşürməyək. Allahdan istəyək ki, bizi onun əsl intizarçıları etsin.
Leylətul-Rəğaib gecəsi bir fürsətdir. Bu fürsəti Zəmanə İmamı ilə bağlamaq isə nicat yoludur.
www.imamzaman.az
