Mərhum Ayətullah hacı Şeyx Müctəba Qəzvini Məşhədin tanınmış və adlı-sanlı alimlərindən biri olmuşdur. Və mən özüm ondan dəfələrlə kəramətlər görmüşəm. O 1338-ci hicri şəmsi ilində bu əhvalatı nəql edirdi:
Məşhəd sakini olan Damğanlı Seyyid Məhəmməd Baqir, mərhum hacı Mirzə Məhdi isfahani Qərəvinin şagirdlərindən biri olmuş və dəfələrlə onun hüzurundan bəhrələnə bilmişdir. O bir neçə il vərəm xəstəliyindən əziyyət çəkdi. O zamanlar həmin xəstəliyin əlacı yox idi. Xəstəlik onu xeyli zəiflətmiş, bunun üçün də hamı naümid olmuşdur. Amma bir vaxt onun tamamilə sağlam və çevik halda bizim yanımıza gəldiyini gördüm. Hamımız bundan təəccübləndik və sağlamlığının səbəbini soruşduq. Dedi: Bir gün hülqumumdan xeyli qan gəldi, həkimlər də dərdimə çarə tapa bilməyib məni lap məyus etdilər. Qərara gəldim ki, gərək Ayətullah Qərəvinin yanına gedib vəsiyyətimi ona izah edim. O məni dinlədikdən sonra dizi üstə oturdu və təəccüblə dedi: Məgər sən seyyid deyilsən?! Nə üçün əcdadlarından xəstəliyinə şəfa diləmirsən?! Nə üçün İmam Zamanın (ə.c) hüzuruna gedib, hacətini ondan diləmirsən? Məgər bilmirsənmi ki, onlar Allahın gözəl adlarıdılar? Məgər Kumeyl duasında “Ey o kəs ki, onun adları dərdlərə dəva, yad olunması isə bəlalara şəfadır”- münacatını oxumamısanmı? Əgər müsəlmansansa, əgər seyyidsənsə, əgər şiəsənsə, onda gərək günü bu gün şəfanı fədası olduğumuz İmam Zamandan (ə) istəyəsən! Ayətullah Qərəvinin sözləri mənə o qədər təsir etdi ki, özümü saxlaya bilməyib zar-zar ağlamağa başladım. Yerimdən qalxdım. Məndə elə hal yarandı ki, sanki, hökmən İmam Zamanım (ə) hüzuruna getməliydim. Elə hey ağlayır və öz-özümə züm-zümə edərək deyirdim: Ya Höccətibnil-Həsən ədrikni! “Ey Höccət ibn Həsən, dadıma çat! Bundan sonra Həzrət Əli ibn Musa Rza (ə) müqəddəs ziyarətgahına tərəf getdim. Məscidin qədim həyətinə daxil olduqda oranı bir qədər dəyişkən gördüm. Ora olduğca xəlvət idi. Həyətdə yalnız birgə hərəkət edən bir neçə nəfər görmək olardı. Onların qarşısında bir seyyid var idi. Mən başa düşdüm ki, o İmam Zamandır (ə). Öz-özümə dedim ki, onlar gedə və mən onlara çatmayada bilərəm. Yaxşısı budur ağanı çağırım və ondan xəstəliyimə şəfa istəyim. Bu fikri zehnimdən keçirirdim ki, gördüm ki, həmin seyyid qayıdıb gözünün ucu ilə mənə nəzər saldı. Bədənimi soyuq tər bürüdü. Birdən məscidin həyətini adi vəziyyətdə gördüm. Artığ həmin bir neçə nəfər şəxs orada görünmürdü, camaat həmişə olduğu kimi orada get-gəl edirdilər. Mən heyrət içində idim. Elə bu vaxt özümün tam sağadığımı və əziyyət çəkdiyim xəstəlikdən heç bir əsər-əlamətin qalmadığını hiss etdim. Evə qayıtdım və pəhrizə son qoydum. Halım o qədər yaxşı olmuşdu ki, nə qədər istəyirdim öskürəm, öskürə bilmirdim.
Məhrum hacı Şeyx Müctəba Qəzvini (Allah ona rəhmət etsin) bunu deyib zar-zar ağlamağa başladı. Sonra buyurdu: Bəli, bu idi seyyid Məhəmməd Baqir Damğaninin əhvalatı. Həmin əhvalatdan bir neçə il sonra yenədə onu gördüm. O, tamamilə sağlam və gümrah idi.
Şair deyir:
Bir baxışla torpağı kimya edənlər.
Olarmı ki, bizə bir nəzər salmasınlar…
