1. Əli ibn Riab İmam Sadiqdən (ə) Möminlərin əmiri Əlinin (ə) belə buyurduğunu nəql edir: “Xəbərdar olun! Allahın Nəbini (s) göndərdiyi ilk gün kimi sınamaq məqsədli müsibətiniz geri qayıtdı. Onu haqq olaraq elçi göndərən Allaha and olsun ki, dəyişik görüş və vəsvəsələr ortaya atacaq, ələnib seçiləcəksiniz. Belə ki, ən aşağılarınız ən yüksəkləriniz və ən yüksəkləriniz ən aşağıdakılarınız olacaq. Daha əvvəl geri çəkilənlər qabağa keçmək üçün yarışacaqlar. Daha əvvəl qabağa çıxanlar isə geri çəkiləcəklər. Allaha and olsun ki, haqqın heç bir nişanəsi məndən gizli deyil. Heç bir zaman yalan danışmamışam. Mənə bu məqam və bu gün, əvvəldən xəbər verilmişdir”.
Üsuli-kafi, c.2, hədis 941
2. İbn Əbu Yəfur belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Yaxınlaşmaqda olan işə (zühura) görə vay ərəblərin tağutlarının halına!” Mən soruşdum: “Ərəblərdən neçə nəfər İmam Mehdi (ə) ilə birgə olacaq?” İmam (ə) buyurdu: “Az sayda bir qrup. İnsanların yoxlanılmaları, təmizlənmələri və ələnib seçilmələri mütləq baş verəcək. O zaman xalqın çoxu ələkdən aşağı düşəcək (imtahandan yaxşı çıxmayacaq)”.
Üsuli-kafi, c.2, hədis 942
3. Mənsur İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir: “Ey Mənsur, bu iş (zühur) hər tərəfi ümidsizlik almadan reallaşmaz. Allaha and olsun ki, xeyir bir-birindən ayrılmadan, yaxşıca süzülmədən, bədbəxtlər bədbəxt, xoşbəxtlər də xoşbəxt olmadan olmaz”.
Üsuli-kafi, c.2, hədis 943
4. Müəmmar ibn Xəllad belə rəvayət edir: “İmam Rza (ə) “Əlif, Ləm, Mim insanlar sınaqdan keçirilmədən “inandıq” deməklə buraxılacaqlarını hesab edirlər?” (Ənkabut, 1-2) ayəsini oxudu, sonra məndən soruşdu: “Fitnə nədir?” Mən dedim: “Bizə görə, bunda məqsəd “din uğrunda əziyyət çəkməkdir”. İmam (ə) buyurdu: “Qızılın daha da saf olması üçün odda əridilməsi kimi sınaqdan keçirilirlər. Qızılın saflaşdırıldığı kimi saflaşdırılırlar”.
Üsuli-kafi, c.3, hədis 944
5. Süleyman ibn Saleh İmam Baqirdən (ə) belə nəql edir: “Sizin bu sözünüz (sınaq üçün gələn müsibətlər) insanların ürəklərini hürküdür, nifrətə səbəb olur. Bu əqidəni qəbul edənə daha çox başa salın. Onu inkar edəni isə sərbəst buraxın. İnsanların içindəki bütün sirrlər və duyğular tökülsün, tükü qırx yerə yarayanlar seçilsinlər və beləliklə də bizdən və müttəfiqlərimizdən başqası qalmasın deyə, sınamaq üçün müsibətlərin gəlməsi zəruridir”.
Üsuli-kafi, c.2, hədis 945
6. Muhəmməd ibn Mənsur və Seyqəl öz atasından belə nəql edir: “Mən, Haris ibn Muğirə və bizim dostlarımızdan bir qrup İmam Sadiqin (ə) yanında oturub söhbət edirdik. İmam (ə) bizə baxıb, belə buyurdu: “Nə işlə məşğulsunuz?! Heyif! Xeyr, and ola Allaha ki, siz ələkdən keçirilmədikcə və sınanmadıqca o gözünüzü dikdiyiniz iş (zühur) reallaşmaz. Xeyr, Allaha and olsun ki, siz təmizlənib seçilmədikcə, gözünüzü dikdiyiniz şey reallaşmaz. Xeyr, Allaha and olsun ki, ayırd edilmədikcə, o gözünüzü dikdiyiniz şey gerçəkləşməz. Xeyr, Allaha and olsun ki, siz yaxşıca ümidsizliyə düşmədikcə, gözlərinizi dikdiyiniz şey reallaşmaz. Xeyr, Allaha and olsun ki, bədbəxt olmalı olanlar bədbəxt, xoşbəxt olmalı olanlar xoşbəxt olmadıqca sizin gözlərinizi dikdiyiniz şey gerçəkləşməz”.
Üsuli-kafi, c.2, hədis 946
7. Abdullah ibn Həmmad Ənsari belə rəvayət edir: “Səhabələrdən biri İmam Sadiqin (ə) yanına gəlib dedi:
— Ey ağam! Nə çox şiəniz var!
— Nə qədərdirlər?
—Çoxdurlar.
— Saya bilərsən?
— Onlar bundan daha çoxdurlar.
— Bilin, əgər daha əvvəldən bildirilə say, üz yüz on neçə sayı tamam olsaydı, istədiyiniz şey baş verərdi. Lakin bizim şiələrimiz o kəslərdir ki, səsləri qulaqlarını keçmir, qəzəbi bədənlərini aşmır, bizi aşkarda tərif etmirlər, bizə dost olanla düşmənçilik etmirlər, bizə tənə vuranla oturmurlar, bizi təhqir edənlə danışmırlar, bizə nifrət edəni sevmirlər, bizi sevənə nifrət etmirlər.
— Bəs özlərinin şiə olduğunu deyən bu fərqli kəslərlə necə davranım?
— Onların arasında seçilmə, arınma və dəyişilmə baş verəcək. İllər gəlib onları aradan aparacaq. Onlara, onları öldürən bir qılınc və həlak edən bir ixtilaf üz verəcək. Bizim şiələrimiz o kəslərdir ki, it kimi hürməzlər, qarğa kimi tamahkar və acgöz olmazlar. Bizim şiələrimiz acından ölsə də, camaata əl açmazlar.
— Sizə fəda olum. Bu xüsusiyyətlərə malik kəsləri hardan tapım?
— Onları yer üzünün ətraf yerlərində axtar. Onlar o kəslərdir ki, yaşayışları aşağı səviyyədədir. Evləri dəyişkəndir. Əgər camaat içində olsa tanınmazlar. Əgər gözdən itsələr axtarılmazlar. Xəstə olsalar heç kəs onlara baş çəkməz. Elçi düşsələr heç kəs onlara qız verməz. Ölsələr heç kəs cənazələrində iştirak etməz. Onlar o kəslərdir ki, mal mülkləri barədə bir-birinə təsəlli verərlər. Qəbirlərində bir-birlərini ziyarət edirlər. Onların istəkləri bir-birindən fərqlənməz. Hərçənd başqa şəhərlərdə yaşasalar belə”.
Mucəmul-əhadis, c.4, s.10, hədis 1089;
Biharul-ənvar, c.68, s.164
8. Abdullah ibn Əbu Yəfur belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Yaxınlaşan bir şərrə görə vay ərəb zalımlarının halına!” Mən soruşdum: “Sizə fəda olum, Qaimlə (ə) birgə nə qədər ərəb olacaq?” İmam (ə) buyurdu: “Az sayda”. Mən dedim: “Allaha and olsun ki, onlar içərisində bu işə etiqad edənlər çoxdurlar”. İmam (ə) buyurdu: “İnsanlar mütləq arınacaq, seçiləcək, ələkdən keçiriləcəklər. Çoxları ələkdən ələnib gedəcəklər”.
Dəlailul-imamət, s.242
9. Əhməd ibn Muhəmməd ibn Səid bəzi ravilərdən, onlar da İmam Hüseyndən (ə) belə nəql edirlər: “Bir-birinizdən ayrılmadan, bir-birinizin üzünə tüpürmədən, bir-birinizin küfrünə şəhadət vermədən və bir-birinizə lənət oxumadan o gözlədiyiniz iş (fərəc) baş verməyəcək. Bütün xeyir elə o zamandadır. Bizim Qaim (ə) o zaman zühur edib qiyam edəcək və bütün bunları aradan aparacaq”.
əl-Ğeybə, s.437, hədis 429
10. İbrahim ibn Ömər Yəmani İmam Sadiqdən (ə) belə nəql edir: “Ey Muhəmməd (s) ailəsinin şiələri! Gözdəki sürmətək təmizlənəcəksiniz. Belə ki, gözünə sürmə çəkən şəxs sürməni nə vaxt çəkdiyini bilir, lakin nə vaxt təmizlənib aradan gedəcəyini bilmir. Eynilə bir nəfər səhəri bizim yolumuzda olduğu bir halda açacaq, axşama isə ondan çıxmış vəziyyətdə olacaq. Habelə, biri axşama bizim yolumuzda olduğu halda çıxacaq, səhəri isə ondan çıxmış halda açacaq”.
Biharul-ənvar, c.52, s.101
11. Xalid Aquli İmam Sadiqdən (ə) belə nəql edir: “Gözünüzü nəyə dikmisiniz? Nə üçün bu qədər tələskənlik edirsiniz? Əmin-amanlıqda deyilsinizmi? Sizdən biri evindən çıxıb, öz ehtiyaclarını ödəyib sonra ələ keçirmədən geri qayıdırmı? Kaş ki, sizdən əvvəl olanlar sizdə olan əmin-amanlığa sahib olaydılar. Ancaq onlardan biri tutulur, əl-ayağı kəsilər, xurma ağacından edəm edilər, mişarla doğranar, yenə də həmin şəxs bunun günahını özündə bilər”. Sonra bu ayəni oxudu: “Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Elçi və onunla birlikdə olan möminlər də: Allahın köməyi nə vaxtdır? – dedilər. Həqiqətən, Allahın köməyi yaxındır”.
Bəqərə, 124; Şeyx Tusi, əl-Ğeybə, 468
12. Abdullah ibn Sinan belə rəvayət edir: “İmam Sadiqin (ə) yanında idim. Bir nəfər Həmədanlı kişinin ona belə dediyini eşitdim: Bu ammə camaatı bizə tənə edib deyirlər ki, “siz iddia edirsiniz ki, bir carçı, səmadan nida edib bu işin sahibinin adını çəkəcək”. İmam (ə) bu sözü eşidərkən qəzəbləndi və buyurdu: “Şəhadət verirəm ki, atamın (ə) belə dediyini eşitmişəm: Allaha and olsun ki, bu izzət və cəlal sahibi olan Allahın kitabında bəyan edilmişdir. Belə ki, deyilir: “Əgər istəsək göydən onlara elə bir nişanə nazil edərik ki, onun müqabilində onlar boyun əyib itaət edərlər”. (Şuəra, 4) O gün yer üzündə elə bir kəs qalmayacaq ki, onun qarşısında təslim olub boyun əyməsin. Yer əhli səmadan “Bilin, haqq Əli və şiələrindəndir” səsini eşitdikləri zaman iman gətirəcəklər. Sonra İblis məlun yer əhlindən gizlənmək üçün havaya qalxacaq və deyəcək: “Bilin, haqq Osman və onun tərəfdarları ilədir. O məzlumcasına qətlə yetirilib, elə isə onun qanını tələb edin”. Allah sabit sözə iman gətirənləri haqq üzərində sabitqədəm edəcək. Haqq həmin o birinci nidadadır. O gün qəlblərində xəstəlik olan kəslər isə şəkkə düşəcəklər. Allaha and olsun ki, xəstəlik, bizə olan düşmənçilikdir. Bu zaman onlar bizdən uzaq olduqlarını bəyan edib bizi təhqir edəcəklər və deyəcəklər: “Birinci nidaçının nidası Əhli-Beytin sehrlərindən biridir”.
Allah-təala buyurur: “Onlar bir əlamət və möcüzə görəndə üzlərini döndərərək daimi bir sehrdir deyərlər”.
Qəmər, 2; Tərsirul-Burhan, 3/179
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
