Əqli dəlil:
Peyğəmbər olmasının lazım və zəruri olmağı barədə deyilmiş səbəb və hikmətlər, Onun canişini olmasının lazım və zəruri olmasına da şamil olur. Yəni insanlar necə öz dini və dünyəvi məsələlərində bir rəhbərə ehtiyaclıdırlarsa və buna görə də Allah, Peyğəmbər göndəribsə bu ehtiyac Peyğəmbər dünyasını dəyişdikdən sonra da qüvvədədir və bunun əksini demək Peyğəmbərə olan ehtiyacı inkar etmək deməkdir. Bəs İslam Peyğəmbəri (s) Peyğəmbərlərin sonuncusudursa (ki elədir) və ona olan ehtiyac ondan sonra da aradan getmirsə Allaha zəruridir ki, onun üçün ona bənzər canişinlər təyin etsin ki, insanlar necə öz müxtəlif dini və dünyəvi məsələlərində ona müraciət edirdilərsə ondan sonra da Onun canişininə müraciət etsinlər. İnsanlara da vacibdir ki, həmin canişini tanısınlar çünki tanımadan tabe olmaq mümkün deyildir.
Əgər kimsə belə irad etsə ki: Peyğəmbər göndərilməsinin səbəbi bu məqamla fərq edir, çünki insanlar öz dini və dünyəvi məsələlərində Peyğəmbərə bu cəhətdən ehtiyaclıdırlar ki, O Allah tərəfindən onlar üçün bir qanun gətirsin və onlar da ona uyğun əməl etsinlər və Peyğəmbər də insanların ehtiyaclı olduğu şeyləri onlar üçün gətirdiyinə, dinin bir sıra qayda-qanunlarını onlar üçün açıqladığına görə və insanlar da onları bilib əməl etdiklərinə görə daha ehtiyac aradan qalxır və dinin qayda və hökmlərini çatdırmaq və öyrətmək üçün alimlər və əlaqəli kitablar kifayət edir. Bəs beləliklə Peyğəmbərin (s) canişininin olması lazım deyildir!
Bu iradın cavabında deyirik: Bu irad bir neçə cəhətdən düz deyildir:
Birincisi:
Peyğəmbər (s), qayda-qanunları ümumi şəkildə çatdırmış və dini göstərişləri o zamanda olan insanların ümumunun ehtiyac duyduğu qədərində izah etmişdir və bu mətləb Peyğəmbərin (s) hədislərinə müraciət edən kəslər üçün aşkar məsələdir. Bəs buna əsasən insanların ehtiyacı bu qədər bəyan ilə aradan qalxmır, üstəlik bir çox məsələlər hətta böyük alimlərə də gizli qalır (o ki qalsın digər insanlara gizlin qalmasın). Bəs insanlara, ona müraciət etmələri və öz ehtiyac duyduğu məsələləri ondan öyrənmələri üçün məsum imam və öndərin mövcudluğu qaçınılmazdır.
Əlbətdə heç şübhəsiz əziz Peyğəmbərimiz (s) bütün hökm və elmləri ondan sonra Allah tərəfindən insanlara rəhbərliyi öhdəsinə almış öz canişininə tapşırmışdır və hər bir imam da onları özündən sonrakı imama həvalə etmişdir ta ki, növbə bizim zəmanə imamımıza (ə.f.ş) yetişmişdir.
Bəli, imamlar Peyğəmbərdən (s) aldıqları ilahi hökmləri insanlar üçün açıqlayır və onları müqəddəs dinin təməl və məfhumları ilə tanış edirlər
Həmçinin bunda da heç bir sağlam ağıl sahibi şübhə etməz ki, dini hökmləri bəyan edən kəs əgər məsum olmasa insanlar onun sözlərinə arxayın olmaz və etimad etməzlər və onun seçilməsində olan hədəf həyata keçməz.
İkincisi:
İnsanlar, sahib olduqları təbii vəziyyətlərinə görə və nəfsani istəklərindən dolayı ixtilafa düşür və münaqişə edirlər. Biz bunu öz vicdanımızla hiss edir, gözlərimizlə görürük, buna görə də Allahın bəndələrinə olan lütfü bunu tələb edir ki, hər cür münaqişə və ixtilafın aradan qalxması üçün həqiqətləri tamamilə bilən bir şəxs təyin etsin ki, hər zamanda insanlar belə bir şəxsə müraciət etməklə, münaqişə və ixtilaflarda ondan kömək alsınlar və nəticədə haqq öz sahibinə yetişsin və İlahi ədalət insanlar arasında yayılsın. Allahın ixtilaf və münaqişəni aradan aparmaq üçün seçdiyi şəxs isə “İmam”-dır ki, ona itaət etmək, öz müxtəlif məsələlərində ona müraciət etmək və ona arxalanmaq insanların vəzifəsidir.
Əgər irad olunsa ki: İmamlarımız (ə) hazır olduqları dövürlərdə yalnız zahiri qaydalar əsasında hökm edirdilər, başqa sözlə desək: Onlar, onların qeyb dövürlərində alimlərin hökm etdikləri qaydalara əsasən hökm edirdilər, bəs necə iddia oluna bilər ki, Allahın öz bəndələrinə olan lütfü tələb edir ki, İmam təyin etsin ki, o haqq və həqiqətlərə uyğun hökm etsin?
Cavabında deyərik: Bu üslub, camaat tərəfindən olan maneəyə görə idi, necəki İmamın (ə.f.ş) zühuruna maneə də insanlar tərəfindəndir. Allah insanları nəyəsə məcbur etmir onlara lütf edir və bu lütf qəbul etdikləri təqdirdə hallarına şamil olar, əks halda isə lütfdən məhrum edilərlər. Bəs bu surətdə onlara heç cür etiraz gəlmir və heç bir vəchlə bu məsələnin İlahi lütflə ziddiyyət təşkil etdiyi xəyal edilməməlidir. Bu müddəaya dəlil onların özlərindən gəlmiş çox saylı rəvayətlərdir ki, bu mənanı qeyd edirlər: “Əgər rəyasət və xilafət kamil şəkildə onlara buraxılsa idi və hakimiyyətdə əlləri bağlanmasa idi Ali-Davudun hökmü ilə hökm edərdilər və insanlar üçün həqiqi hökmləri aşkar edərdilər”. Məsələn Usuli-Kafi kitabında (c. 2, səh. 397) Əbu Ubeydə Həzzadan nəql olunmuşdur ki, Həzrət Əbu Əbdullah İmam Sadiq (ə) belə buyurmuşdur:
إِذَا قَامَ قَائِمُ آلِ مُحَمَّدِ حَكَمَ بِحُكْمِ دَاوُدَ وَ سُلَيْمَانَ ، لاَ يَسْأَلُ اَلنَّاسَ بَيِّنَةً
“Ali-Muhəmmədin Qaimi (qiyamçısı) qiyam etdiyi zaman Davud və Süleymanın hökmü əsasında hökm edəcək, insanlardan dəlil istəməyəcək”
Həmin kitabda (c. 2, səh. 397) səhih bir xəbərdə Əbandan nəql olunur ki, belə dedi: “Həzrət Əbu Əbdullah Sadiqdən (ə) eşitdim ki, belə buyururdu:
لاَ تَذْهَبُ اَلدُّنْيَا حَتَّى يَخْرُجَ رَجُلٌ مِنِّي يَحْكُمُ بِحُكُومَةِ آلِ دَاوُدَ وَ لاَ يَسْأَلُ بَيِّنَةً يُعْطِي كُلَّ نَفْسٍ حَقَّهَا
“Dünya, məndən olan bir kişinin çıxıb Davud ailəsinin hökmdarlığı əsasında hökm etmədiyi vaxta qədər aradan getməz. O dəlil tələb etməz və hər canlıya öz haqqını verər”.
Həmçinin həmin kitabda (c. 2, səh. 248) səhih sənədlə Əmmar Sabatidən nəql olunur ki, dedi: “Həzrət Sadiqə (ə) dedim ki, əgər hökümət sizin əlinizə keçsə necə hökm edəcəksiniz? O belə buyurdu:
بِحُكْمِ اَللَّهِ وَ حُكْمِ دَاوُدَ فَإِذَا وَرَدَ عَلَيْنَا اَلشَّيْءُ اَلَّذِي لَيْسَ عِنْدَنَا تَلَقَّانَا بِهِ رُوحُ اَلْقُدُسِ
“Allahın və Davudun hökmü ilə. Bəs nə zaman qarşımıza hökmü yanımızda hazır olmayan bir şey çıxarsa, Müqəddəs ruh onu bizə təlqin edər”.
Həmçinin Şeyx Kuleyni öz sənədi ilə Cueyd Həmdanidən nəql edir ki, (Usuli-Kafi, c. 2, səh. 249) dedi: “O Həzrətdən soruşdum nə əsasında hökm edərsiz?” Buyurdu:
قَالَ حُكْمِ آلِ دَاوُدَ فَإِنْ أَعْيَانَا شَيْءٌ تَلَقَّانَا بِهِ رُوحُ اَلْقُدُسِ
“Davud ailəsinin hökmü əsasında və əgər bir şey bizə çətin gələrsə Müqəddəs ruh onu bizə təlqin edər”.
Üçüncüsü:
Əgər fərz etsək ki, bütün alimlər, bütün hökmlərə əməl edirlər, yenə də onların mövcudluğu bizi İmamın mövcudluğundan ehtiyacsız etməz, çünki onlar səhv və xətadan məsum deyillər, bəs hər zamanda xəta və səhvdən qorunan, camaatın müraciət etdiyi və sığındığı, onlar üçün hökmlərin həqiqətlərini açıqlayan məsum bir şəxsin mövcudluğu qaçınılmazdır və o məsum şəxs də İmamdan başqa heç kəs deyildir.
Burada əgər kimsə desə ki, insanların gözlərindən gizli və qeybdə olduğu halda İmamın olmağı ilə olmamağının nə fərqi var? Ona belə cavab verərik ki, ilk olaraq: Həzrətin zühuruna və aşkar olmasına maneənin insanların özlərindən qaynaqlandığını nəzərə alsaq, bu mətləb İlahi lütflə ziddiyyət təşkil etmir və o Həzrətin mövcudluğuna ehtiyacın olmamasına dəlil deyildir, əksinə insanlara vacibdir ki, Onun müqəddəs nurundan bəhrələnmələri, növbənöv elm və maarifindən istifadə etmələri üçün zühuruna mane olan şeyləri aradan qaldırsınlar.
İkincisi: O Həzrət bütün zamanlarda və bütün mömin insanlardan qeybdə deyildir, əksinə bir çox uca məqamlı möminlər O Həzrətin xidmətinə yetişmək şərəfinə nail olmuş və müqəddəs hüzuruna yol tapmışlar. Onların sərgüzəştləri böyük alimlərin kitablarında qeyd olunmuşdur və bu xəbərlər müxtəlif yollarla bir çox etimadlı şəxslər tərəfindən təvatür həddində (inkar oluna bilməyəcək həddə) nəql edilmişdir.
Üçüncüsü: Həzrətin mübarək vücudunun mənfəətləri elmləri bəyan etməklə məhdudlaşmır, əksinə İlahi feyz çeşməsindən məxluqlara yetişən hər nə varsa, Onun vücudunun bərəkətindəndir.
Məqalənin ərsəyə gətirilməsində mərhum Ayətullah Seyid Muhəmməd Təqi Musəvi İsfəhaninin, İmam Zamanın (ə) öz göstərişi ilə qələmə aldığı və O Həzrətin göstərişi ilə adını “Mikyalul-Məkarim fi fəvaidid-dua lil-Qaim (ə)” qoyduğu kitabdan istifadə edilmişdir.
Bu məqalədə İmanın İmam Zamanı (ə) tanımadan gerçəkləşməməsinə xülasə şəkildə əqli dəlillər qeyd olundu və inşa Allah gələn məqaləmizdə buna dair nəqli dəlillər qeyd olunacaqdır. Bizi izləmədə qalın…
“Allahım! Zəmanə İmamımız Həzrət Höccət İbnil-Həsəni (ruhlarımız qədəmlərinin tozuna fəda olsun) salamat et, onu qoru, zühurunu tezləşdir və bu kiçik işimizin savabını da Ona hədiyyə et, ey rəhimlilərin ən rəhimlisi!”
¡ Sayta dair materiallar istifadə edildikdə istinad vacibdir!
