1. İbn Əbu Nəsr İmam Rzadan(ə) “Allahın düz yolunu qoyub, öz həvayi-həvəsinin ardınca gedənlərdən daha çox yoldan azmış kimi ola bilər?!” ayəsinin izahını soruşmuş, “İmam(ə) belə buyurmuşdur: “Öz həva-həvəsi və şəxsi fikrini din halına gətirib, hidayət imamlardan birinə tabe olmayan kəs nəzərdə tutulmuşdur”.
Üsuli-Kafi, c.3 hədis 966
2. Muhəmməd ibn Muslim İmam Baqirdən(ə) belə nəql edir:
“Allahın bildirdiyi imamı tanımadan özünü yoraraq Allaha ibadət edən kəsin bu səyi qəbul edilməz. O, yolunu azmışdır. Allah onun əməllərini bəyənməz. O, öz çobanından ayrılmış və itmiş qoyuna bənzəyər. Gününü ora-bura qaçmaqla və gedib-gəlməklə keçirər. Axşam olduqda çobana aid olmayan bir sürü görər. Bu sürüyə tərəf yönələr və onlara aldanar. Gecəsini bu sürünün ağlında keçirər. Çoban sürüsünü otarmaq istədikdə, çobanı və sürünü tanımaz. Çobanı və sürüsünü tanımaq məqsədilə ətrafa nəzər salar. O zaman başında çoban olan başqa bir sürü görər. Ona tərəf yönələr və onlara aldanar. Çoban ona belə səslənər:”Öz çobanına və sürünə qoşul, çünki sən itmisən. Sən çobanın və süründən ayrılmış çaşnıqsan”. Həmin qoyun yenə çaşnıq halda oradan qaçar. Otlağına aparacaq və ya ona yönələcək bir çobanı olmadan gedib-gələr. O, belə gəzib-dolanarkən bir canavar da bunu fürsət bilib, onu tutar və yeyər. Bax belə!
Ey Muhəmməd! And olsun ki, ümmətimdən Allah tərəfindən təyin edilən açıq və adil olmayan şəxs azmış, yolunu itirmişdir. Əgər bu halda ölsə, bir cür küfr və münafiqlik üstə ölər.
Ey Muhəmməd! Bil ki, zülm başçıları və onlara tabe olanlar Allahın dinindən təcrid edilmişdir. Özləri azdıqları kimi, başqalarını da azdırmışlar. Onların etdikləri əməllər tufanlı bir gündə üzərinə şiddətli külək əsən külə bənzəyər. Onlar qazandıqları şeylərdən heçnə əldə edə bilməzlər. Haqdan dönüb, uzaq düşmək bax budur”.
İbrahim,18; Üsuli-Kafi, c.3 hədis 967
3. Abdullah ibn Yəfur belə rəvayət edir: “İmam Sadiq (ə) dedim: “Mən insanların arasına girirəm. Bəzi insanların arasında təəccübüm hər gün daha da artır. Bunlar sizin qəyyumluğunuzu qəbul etmir, filankəs və filankəsin qəyyumluğuna inanırlar. Bunun əksinə, son dərəcə inanılan, doğru sözlü və sözünün üstündə duran şəxslərdir. Bəziləri isə, əksinə, sizin qəyyumluğunuzu qəbul etdikləri halda, onlar qədər sözü düzgün və sözünün üstündə duran deyillər”. İmam (ə) oturduğu yerdən qalxdı və qəzəbli halda mənə baxıb, belə buyurdu: “Allah tərəfindən təyin edilməyən zalım hökmdarın rəhbərliyi altında Allaha qulluq edən kəsin dini yoxdur. Allah tərəfindən təyin edilən ədalətli bir imamın himayədarlığı altında Allaha ibadət edən kəs üçün isə məzəmmətdən söhbət belə, gedə bilməz”.
Mən soruşdum: “Onların dini və bunlar üçün də danlıq yoxdurmu?” İmam (ə) buyurdu: “Bəli, onların dini və onlar üçün də danlıq yoxdur. Allah-təalanın bu ayəsini eşitmədinmi? “Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxardar”. (Bəqərə,257) Yəni, günahların zülmətindən tövbə və bağışlanma nuruna çıxardar, çünki onlar Allah tərəfindən təyin edilən ədalətli imamın qəyyumluğunu qəbul edirlər. Kafirlərin dostu isə tağutdur, onları nurdan zülmətlərə salarlar.
Bəqərə,257; Üsuli-Kafi,c.3, hədis 968
4. Həbib Sicistani İmam Baqirdən (ə) belə nəql edir: “Allah-təala buyurmuşdur: “Mən İslamda hər bir zalım rəhbərin qəyyumluğu altında qulluq edən bütün dəstələrə mütləq əzab verəcəyəm. Onların əməlləri yaxşı, özləri isə təqva sahibi olsalar belə, həmin əzabı verəcəyəm. İslamda öz tərəfimdən səlahiyyət verilən bütün ədalətli imamların qəyyumluğu altında ibadət edən bütün dəstələri qəti şəkildə bağışlayacağam. Bunlar şəxsi olaraq zülm və pislik edən kəslər olsalar belə, yenə də bağışlayacağam”.
Üsuli-Kafi, c.3, hədis 969
5. Abdullah ibn Sinan İmam Sadiqdən (ə) belə nəql edir: “Allah, əməlləri yaxşı özləri isə müttəqi olsalar da, Onun tərəfindən səlahiyyət verilməyən imamın qəyyumluğu altında ibadət edən bir ümmətə əzab verər. Allah, şəxsi əməlləri baxımından zalım və pislik edən olsalar da, Onun tərəfindən səlahiyyət verilən bir imamın qəyyumluğu altında ibadət edən bir ümmətə əzab verməz”.
Üsuli-Kafi, c.3, hədis 970
6. Füzeyl ibn Yəsar belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Allah Rəsulu (s) belə buyurmuşdur: “Bir İmamı olmadan ölən kəs bir növ cahiliyyət üzrə ölər”. Mən soruşdum: “Peyğəmbər (s) bu cür buyurubmu?” İmam Sadiq (ə) buyurdu: “Bəli, Allaha and olsun ki, bu cür buyurmuşdur”.
Üsuli-Kafi, c.3, hədis 971
7. Əbdülkərim ibn Əmr Vəşşaya İbn Əbu Yəfurdan belə nəql edir: “İmam Sadiqdən (ə) Allah rəsulunun (s) “Bir İmamı olmadan ölən kəs bir növ cahiliyyət üzrə ölər” sözü barədə soruşdum. Yəni bir növ küfr üzrə ölərmi? İmam (ə) buyurdu: “Bəli azğınlıq ölümü üzrə”.
Üsuli-Kafi, c.3, hədis 972
8. Haris ibn Müğeyrə belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Allah rəsulu (s): “İmamı olmadan ölən kəs bir növ cahiliyyət üzrə ölmüşdür”. deyə buyurubmu?” İmam (ə) buyurdu: “Bəli”. Mən soruşdum: “Burada nəzərdə tutulan cahiliyyət cahillərdir, yoxsa imamını tanımayan kəslərdirmi?” İmam (ə) buyurdu: “Küfr, nifaq və azğınlıq cahiliyyəti“.
Üsuli-Kafi, c.3, hədis 973
9. Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir: “Doğru bir dinləmədən Allaha qulluq edən kəsi, Allah mütləq məşəqqət və sıxıntıya məhkum edər. Kim Allah tərəfindən özünə bir qapı açılmadan bu cürə sözə müxətəb olduğunu iddia edərsə müşrikdir. Bura Allahın gizli sirlərinin əhatəsində olan qorunmuş bir qapıdır”.
Üsuli-Kafi, c.3, hədis 974
10. Əbu Bəsir belə rəvayət edir: “Bir gün İmam Sadiq (ə) buyurdu: “Sizə o şeydən xəbər verim ki, o olmadan Allah-təala Öz bəndələrindən heç bir əməli qəbul etmir?” Mən dedim: “Bəli”. İmam (ə) buyurdu: “Allahdan başqa ilahın olmadığına və Muhəmmədin (s) Onun qulu olduğuna şəhadət vermək, Allahın əmr etdiyi şeyləri iqrar edib (qəbul etmək), bizim vilayətimizi qəbul etmək, düşmənlərimizdən uzaq olmaq, onlara (imamlara) təslim olmaq, çalışqan etibarlı olmaq və Qaimin (ə) intizarında olmaq. Bizim bir dövlətimiz var ki, Allah istədiyi zaman onu gətirəcək. Kim Qaimin (ə) əshabından olmaq istəsə, intizar çəksin və intizarda olan halda vərəyə riayət edib, əxlaqi gözəlliklərə yiyələnsin. Əgər belə bir şəxs ölə və Qaim (ə) ondan sonra qiyam edərsə, onun əcri Qaimin (ə) zamanına yetişən şəxsin əcri kimi olar. Elə isə ciddi olun və gözləyin. Xoş olsun sizə. Ey rəhm olunmuş dəstə!»
Kitabul-Ğeybə, s.188
11. İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs gecələri oyaq qalsa, səhərləri oruc tutsa, bütün malını sədəqə versə, bütün ömrü boyu həccə getsə amma Allahın vəlisinin vilayətini tanımadığından onun vilayətində olmasa (təsdiq etməsə) və bütün əməlləri də onun bu halında (vilayətdən xaric olduğu halda) olarsa Allah üzərində əməllərinin savabı üçün bir haqqı olmaz və həmin şəxs iman əhlindən də deyildir…”
“Kafi” c.2, s.18
12. Muhəmməd Peyğəmbər (s) buyurub: “Ey Əli, əgər bir bəndə Nuhun öz qövmünün içində qaldığı il qədər (950 il) Allaha ibadət etsə, Ühüd dağı qədər qızılı Allah yolunda xərcləsə, ömrü uzanıb 1000 il ayaqla həccə getsə, sonra isə Səfa və Mərvə dağı arasında məzlum halda öldürülsə, lakin, ey Əli, sənin vilayətini qəbul etməsə, cənnətin qoxusunu duymaz və cənnətə daxil olmaz.”
Əllamə Məclisi, “Biharul-ənvar”, c. 39, səh. 256
¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
